“”Sabah” fantastik uğurun astanasındadır”

“”Sabah” fantastik uğurun astanasındadır”
İDMAN
14:26 25.08.2026
213
Kənan Məstəliyev,
İdman yazarı

Böyük gündür.

"Sabah" tarixinin ən böyük uğurunun bir addımlığındadır. Təmsilçimiz Çempionlar Liqasının pley-offun cavab matçında İsrail "Hapoel"ini qəbul edir. Çox ağır matç olacaq.

Rəqibin oyun tərzi, güclü-zəif tərəfləri haqda ötən dəfə yetərincə danışmışıq. Fərdi yox, komanda kimi üstündürlər. Matçın hansı dəqiqəsi, hesabın necə olmasından asılı olmayaraq yüksək konsentrasiya ilə oynayırlar, öz balanslarını pozmurlar. Ancaq ideal da deyillər, səhvləri də var, boşluqlar da verə bilirlər. Udmaq olar onları.

"Sabah" debüt ilində artıq minimum planın öhdəsindən gəlib, bir addım da əlavəsini edib. Fantastik uğurun isə astanasındadır. Buna nail olmaq üçün bu gün "meydanda ölmək" lazım gələcək. Bizim heyətdəki oyunçuların keyfiyyəti onlarınkını üstələyir. Yalnız komanda oyununda onlardan geri qalırıq ki, bunu da düzəltmək olar. 90, bəlkədə 120 dəqiqə ərzində meydanın hər qarışı üçün mübarizə aparmaq gərəkəcək. Bu gün futbolun oyun tərəfiylə yanaşı, oyunçularımızın əzmkarlıq, mübarizlik, döyüşkənlik kimi xüsusiyyətləri böyük əhəmiyyət daşıyacaq. Onlar, ya biz, kim qələbəni daha çox istəsə, o da qazanacaq.

Dünən rəqibin oyunöncəsi mətbuat konfransında iştirak etdim, məşqlərini izlədim. Qonaqların media nümayəndələrinin söhbətlərində, baş məşqçi və qapıçılarının açıqlamalarında kiçik də olsa, bir eyforiya hiss etdim. Sanki turu adladıqlarına, ÇL-in qrupunda oynayacaqlarına əminlik vardı. Bu əminliyin ilk matçdakı qələbədən qaynaqlandığını görmək olurdu. Tarix yazmaq, böyük turnirdə iştirakın bir addımlığında olmalarının həyəcanları vardı. Konfransda ilk sual da məhz tarixlə bağlı oldu. Bu, bizim xeyrimizə olan məqamdır. Eyforiya təmkini pozan, diqqətli olmağa mane olan, köklənməni azaldan bir şeydir. Bizim cəbhədə sakitlik, təmkin var idisə, onlar bir qədər "göydə idilər". Yaxşıdır, bu axşam yerə endirərik onları.

Bu gün Bəhramovda ÇL-in himni səslənəcək. Bu stadion artıq buna öyrəncəlidir. Ancaq "Sabah" üçün bu möcüzəli musiqi ilk dəfə çalınacaq, böyük motivasiya olacaq. Axşam hamımız tribunada olaq, təmsilçimizə dəstək verək ki, bu səsi daha çox eşidə bilək.

"Sabah" bunu haqq edir.

İnanırıq qələbəyə!

İrəli "Sabah"!
OXŞAR XƏBƏRLƏR