Dekabrın 12-i, saat 14-də Abşeron Rayon Məhkəməsində müsavatçı gənc fəal, avtomobil qəzasına uğrayan Nigar Yaqublunun növbəti məhkəmə prosesi keçiriləcək. Prosesə yenə də hakim İlham Kərimli sədrlik edəcək. Bu dəfəki iclasda da Nigar Yaqublunu tanınmış vəkillər Adil İsmayılov, Elton Quliyev və Nemət Kərimli müdafiə edəcək. Məhkəmə prosesinə eyni zamanda xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, hüquq müdafiəçiləri, Nigar Yaqublunun yaxınları və jurnalistlər iştirak edəcəklər.
Qeyd edək ki, bu proses də müstəntiq Rafiq Həsənovun məhkəmədə dindirilməsi ilə bağlı müdafiə tərəfinin qaldığırdı vəsatətə baxılacaq. Ötən prosesdə işə baxan müstəntiq Şamaxı rayonunda olduğu üçün məhkəməyə gələ bilməmişdi. Müdafiə tərəfi isə məhkəmədən israrla tələb etmişdi ki, müstəntiq qanunla məhkəmənin çağırışına gəlməlidir. Prosesə sədrlik edən hakim müdafiə tərəfinin bu istəyini haqlı saymış, növbəti prosesə işə baxan müstəntiqin gətirilməsi ilə bağlı göstəriş vermişdi.Həmçinin bu iclasda Nigar Yaqublun da ifadə verməsi gözlənilir.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Müsavat başqanın müavini, ötən məhkəmədə şahid qisminə ifadə verən Tofiq Yaqublu deyib ki, müdafiə tərəfi məhkəmə prosesində bir daha açıq faktlarla göstərdi ki, istintaq müddətində çox cidi saxtalaşdırmalar baş verib: “Məhkəmə əvvəl müstəntiq Rafiq Həsənovun ifadə verməsini təmin etməsə də, müdafiə tərəfinin qətiyyətli tələbi qarşısında geri çəkilməli oldu və onun növbəti prosesdə dindirilməsi ilə bağlı qərar qəbul etdi. Mən bir daha peşəkar vəkillərimizə öz minnətdarlığımı bildirirəm. Nigar Yaqublunun işi bütünlüklə saxtalaşdırılıb. Növbəti məhkəmədə vəkilərin yenidən Nigarın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətin qaldırmasına gəlincə isə bu barədə xəbərsizəm”.
Qeyd edək ki, dekabrın 7-si keçirilən məhkəmə prosesi zamanı hakim İlham Kərimli 16 deputatın Aşeron Rayon Məhkəməsinə müraciətini təmin etməmiş, Nigar Yaqublunu ev dustaqlığına buraxmamışdı.
Xatırladaq ki, Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KamAZ” markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib. Keçirilən məhkəmə prosesləri zamanı mülkü iddiaçı iddiasını geri götürüb, hadisəyə şahidlik edən kəslər məhkəməyə gətirilərək dindirilib.
/// Yeni Musavat