“Sabah” – “Orhus” oyununun nəticəsi necə olacaq? – “Sabah” növbəti mərhələyə keçə biləcəkmi?

“Sabah” – “Orhus” oyununun nəticəsi necə olacaq? – “Sabah” növbəti mərhələyə keçə biləcəkmi?
İDMAN
18:41 11.08.2026
270

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Sabah” və Danimarkanın "Orhus” komandaları arasında oyun keçiriləcək.

Qeyd edək ki, qarşılaşma həm "Sabah”ın turnirdəki taleyi, həm də komandanın növbəti mərhələyə keçmək şansı baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs "Sabah” – "Orhus” qarşılaşmasından hansı nəticəni gözləmək olar?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan idman jurnalisti Mehman Süleymanov bildirib ki, "Sabah”ın növbəti mərhələyə keçmək şansı var, lakin bu, asan olmayacaq:

"İlk matç göstərdi ki, "Orhus” Danimarka çempionu olsa belə, "Sabah”ın dişinə görə rəqibdir. Təbii ki, həmin matçı xatırlasaq, 0:2 hesabla geridəydik. Qarşılaşma belə yekunlaşsaydı, işimiz çox çətin olacaqdı. Amma məlumdur ki, biz hesab arasındakı fərqi azaltdıq, minimuma, hətta bərabərlik topunu da vurduq. Sadəcə VAR-ın qərarı ilə həmin qol ləğv olundu. Əlbəttə, hesab 2:2 olsaydı, "Sabah”ın mərhələ adlamaq şansı daha yüksək idi. Amma bununla belə, məğlub olan tərəf olsaq belə, şansları 50 faizdən də aşağıdı, hətta 60-40 "Sabah”ın xeyrinədir”.

İdman jurnalisti qeyd edib ki, "Orhus” ilk oyundakı üstünlüyünü qorumaq üçün daha çox müdafiəyə diqqət yetirə bilər:

"Təbii ki, rəqib də anlayır ki, ona istənilən heç-heçə mərhələ adlamaq üçün kifayətdir. Ona görə də müdafiədə çox diqqətli olacaq. İlk oyunun son 20 dəqiqəsində, hesab artıq 2:1 olduqdan sonra danimarkalıların daha çox müdafiəyə çəkildiyini gördük. İnanıram ki, oyun şəraitindən asılı olaraq "Sabah” daha çox topa sahib olacaq. Əgər erkən qol vursa, komandanın işini xeyli asanlaşdıracaq və mərhələ adlamaq şanslarını ciddi şəkildə artıracaq”.

M.Süleymanov vurğulayıb ki, "Sabah” hücumda fəal olsa da, müdafiədə də diqqətli oynamalıdır:

"Təbii ki, hücuma atılsaq belə, müdafiədə diqqətli oynamaq vacibdir. Çünki "Orhus” əks-hücumlarda "Sabah”ı cəzalandırsa, hesab edirəm ki, komandamız öz işini daha da çətinləşdirəcək”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR