Sabirabad rayonunda 3 yaşlı uşaq 5-ci mərtəbədən yıxılsa da möcüzə nəticəsində sağ qalıb.
Valideynlərinə istinadən AZXEBER.COM xəbər verir ki, hadisə ötən gün Sabirabad Şəhərinin Heydər Əliyev prospektindəki 5 mərtəbəli yaşayış binasının 50-ci mənzilində qeydə alınıb. Belə ki, Əfraz Məmiyevin kirayədə yaşadığı mənzildə 3 yaşlı oğlu Ağaxan qardaşı ilə balkona çıxaraq şəhəri tamaşa edirmiş. Elə bu zaman nəzarətsiz qalan uşaq 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən yıxılıb. Doğmalarının dediyinə görə, uşaq yıxılarkən əvvəlcə binanın qarşısındakı ağaca, oradan da yerə düşüb. Möcüzə nəticəsində Ağaxan Məmiyev sağ qalıb. Azyaşlı uşaq dərhal Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada uşağın sağ bud sümüyünün qapalı sınığı diqanozu qoyulub. Həkimlərin verdiyi məlumata görə, uşağın həyatı üçün elə bir ciddi təhlükə yoxdur. Azyaşlı uşağın qıçı gibsə qoyulduqdan sonra valideynlərinin arzusu ilə evə buraxılıb.