Müəllimlərin MİQ və sertifikatlaşdırma imtahanlarında oxu bacarıqlarına xüsusi diqqət yetirilməsi təhsilin keyfiyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Elm və təhsil naziri Emin Əmrullayev İctimai TV-yə müsahibəsində müəllimlərin işə qəbulu, sertifikatlaşdırma, eləcə də qəbul və buraxılış imtahanlarında vahid çərçivəyə gəlinərək oxu bacarığına daha çox diqqət yetirilməsinin vacibliyini bildirib.
Nazir qeyd edib ki, bu istiqamətdə həm qiymətləndirmə, həm məzmun, həm də tədris baxımından dəyişikliklərin həyata keçirilməsi vacibdir.
Oxu bacarığı şagirdlərin mətnləri düzgün anlaması, məlumatları təhlil etməsi və əldə etdikləri bilikləri tətbiq etməsində mühüm rol oynayır. Müəllimlərin MİQ və sertifikatlaşdırma imtahanlarında oxu bacarıqlarına xüsusi diqqət yetirilməsinin isə təhsilin keyfiyyətinə necə təsir göstərəcəyi maraq doğurur.
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, sertifikatlaşdırma imtahanlarından keçə bilməyən müəllimlərin sistemdən kənarlaşdırılması ilə yanaşı, PISA nəticələri də oxu-anlama sahəsində problemlərin olduğunu göstərib:
"Bilirsiniz ki, sertifikatlaşdırma imtahanlarına qədər Azərbaycanda PISA nəticələrindəki zəif göstəricilər həmin dövrə təsadüf edir. Sertifikatlaşdırma dövründə ibtidai sinif müəllimlərinin 8 minə qədəri iki cəhddə belə uyğun nəticə göstərə bilmədiklərinə görə sistemdən kənarlaşdırıldı. Yəni onlar müəllimlik hüququnu itirmədilər, sadəcə sertifikatlaşdırma standartlarına cavab vermədiklərinə görə kənarda qaldılar. İndi həmin müəllimlərin yenidən müəllim olmaq üçün Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi MİQ imtahanlarından keçməsi tələb olunur. Beləliklə, onlar yenidən müəllim statusunu bərpa edə bilərlər".

Ekspert qeyd edib ki, PISA nəticələrində Azərbaycanın riyaziyyat və təbiət elmləri üzrə göstəricilərində irəliləyiş olsa da, oxu-anlama sahəsində problemlər qalmaqdadır:
"Başqa bir nəticə də budur ki, PISA nəticələrinə görə Azərbaycan artıq dünya ölkələri arasında sürətlə irəliləyib. Riyaziyyat və təbiət elmləri üzrə nəticələr yaxşılaşıb. Sadəcə, oxu-anlama ilə bağlı problemlər məhz həmin dövrə təsadüf edir və burada məsuliyyət əsasən ibtidai sinif müəllimlərinin üzərinə düşür. Məsələ burasındadır ki, biz bu günə qədər oxu-anlama ilə bağlı Elm və Təhsil Nazirliyinin dəfələrlə səsləndirdiyi fikirlərə bir qədər rişxəndlə yanaşmışıq. Düşünürdük ki, necə ola bilər ki, şagird oxuya bilsin, amma oxuduğunu anlamasın? Təcrübə göstərdi və beynəlxalq PISA nəticələri də təsdiqlədi ki, həqiqətən belə bir problem var və bu, artıq özünü açıq şəkildə göstərir".
M.Məmmədli növbəti PISA qiymətləndirmələrində nəticələrin yaxşılaşacağına ümid etdiyini bildirib:
"Bu gündən etibarən PISA qiymətləndirməsinin 2028, 2029 və 2030-cu illərə qədər olan mərhələsində ümid var ki, yeni MİQ-dən gəlmiş müəllimlərin artıq ibtidai sinifləri başa çatacaq. Onlar dörd il müddətində MİQ imtahanları və sertifikatlaşdırma yolu ilə qiymətləndirilmiş müəllimlərdir. Ümid edirik ki, onlar artıq PISA standartlarına uyğun tədrisin keyfiyyətini təmin edə biləcəklər.
Ümid edək ki, növbəti PISA nəticələrində digər sahələrdə olduğu kimi, region məktəblərimiz də inkişaf edəcək, oxuyub-anlama bacarığı da öz yerini tapacaq".
Fəridə Əsədzadə










































