Samux rayonunda Kür çayında boğulan 17 yaşlı Gülnaz Məmmədovanın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova ailəsi ilə birlikdə Kür çayına istirahətə gedib.
Hadisə ailə üzvlərinin çayda çimdiyi zaman baş verib. Gülnazın nənəsinin sözlərinə görə, yeniyetmə qardaşının boğulduğunu düşünüb və onun ardınca suya girib.
"Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girdi”, – nənəsi bildirib.
Ailə üzvü Gülnazın idmançı olduğunu və müxtəlif yarışlarda uğur qazandığını da qeyd edib. O, bu il 11-ci sinfi bitirmişdi.
Gülnaz Məmmədova kikboksinqlə məşğul olub. Samux təmsilçisi sonuncu dəfə Gəncədə keçirilən kikboksinq üzrə XXX Azərbaycan birinciliyində iştirak edərək qızıl medal qazanıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.
Aparılan axtarışlardan sonra 17 yaşlı Gülnaz Məmmədovanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.











































