"Bu səbəbdən mən təhqir olunmuş ermənilərin hüquqlarını müdafiə edirəm"
Fransanın tanınmış simaları prezidentliyə namizəd Nikolya Sarkoziyə dəstək nümayiş etdirib. ANS PRESS-in “Nouvelle d'Armenie” saytına istinadən verdiyi məlumata görə, 50 min nəfərə yaxın “Milli Hərəkat naminə İttifaq”ın (UMP) tərəfdarlarının toplaşdığı Vellipinq şəhərində keçirilən tədbirdə Nikolya Sarkozini dəstəkləməyə gələnlər arasında aktyorlar Jerar Depardye və Kristian Klavye də olub. Aksiya iştirakçıları qarşısında çıxış edən Sarkozi bildirib ki, Fransa azadlığın və ədalətin tərəfində olmalıdır: “Bu gün Fransa Suriya xalqının yanında olmalıdır. Qatillər məsuliyyətə cəlb olunmalıdır. Fransa İsrailin təhlükəsizliyinin təminatında prinsipial olmalıdır. O, Fələstin dövlətinin yaranması hüquqlarını müdafiə edəcək. Fransa gender bərabərliyinin, etiqad azadlığının, Xristian Şərqin sülhlə yaşamaq hüquqlarını hər zaman müdafiə edəcək. Bu səbəbdən mən təhqir olunmuş ermənilərin hüquqlarını müdafiə edirəm”.