“Dövlət yardımı internet təhlükəsizliyi ilə əlaqədar məsələlərin həlli baxımından önəmli ola biləcək”.
Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) “Onlayn media: peşəkarlıq və məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib.
AZXEBER.COM AzNews.az-a istinadən xəbər verir ki, şuradan verilən məlumata görə, tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ənənəvi mediadan onlayn mediaya keçid prosesi yaşanmaqdadır.
Mövcud prosesdə bir sıra problemlər də var və onların həllində ictimai institut kimi jurnalistikanın özü yaxından təşəbbüs göstərməlidir.
Ə.Amaşov çıxışında Mətbuat Şurasına daxil olan şikayətlər üzərində dayanıb:
“Ötən illərlə müqayisədə internet media resurslarının fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayı çoxalmaqdadır. Bəzən görürsən ki, peşə davranışı qaydalarına etinasız yanaşan hansısa qəzetin rəhbəri sonradan xəbər saytı yaradır və eyni əməllərini orada da davam etdirir. Belələrinin xoşagəlməz davranışları əksər hallarda cəmiyyətin rəhbər tutduğu dəyərlərə də kölgə salır. Bütün bunları nəzərə alaraq Mətbuat Şurası bir sıra tədbirlər həyata keçirib. Məlum olduğu kimi, Şuranın tərkibində İnternet media resursları üzrə komissiya yaradılıb.
Biz eyni zamanda, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nda dəyişikliklər aparmaqla internet media orqanlarını da bir növ, ictimai məsuliyyətə çağırmışıq. Mətbuat Şurasının strukturunun internet media məkanındakı proseslərə daha aktiv şəkildə nüfuz etməsi üçün Azərbaycan jurnalistlərinin ötən ilin iyulunda baş tutmuş VI qurultayında nizamnaməyə dəyişikliyi həyata keçirdik. Artıq Şuranın İdarə Heyətinin tərkibində internet medianı təmsil edən şəxslər də fəaliyyət göstərməkdədirlər”.
MŞ sədri müəyyən müddətə xəbər saytlarının dövlət tərəfindən müəyyən yardımlar əldə etməsinin mümkünlüyündən də söz açıb:
“Mətbuat Şurası xəbər saytlarına dövlət yardımının edilməsinin tərəfdarıdır və bu təşəbbüslə çıxış edir. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti artdıqca məsələnin daha real mexanizmi barədə düşünmək mümkün olacaq”.
MŞ-nin İnternet media resursları üzrə komissiyasının rəhbəri Elnur Baimov çıxışında əsasən internet təhlükəsizliyi ilə bağlı məqamlara toxunub.
O bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərməkdədir. İnternet xəbər portallarının rəhbərləri təhlükəsizliklə bağlı hər hansı problemin yarandığını hiss etdikləri halda mərkəzin 1654 nömrəsinə zəng edib fikirlərini çatdıra bilərlər.
Digər tərəfdən, Mətbuat Şurası həmin mərkəzlə birgə xəbər saytlarının sırf texniki işə cavab verən işçiləri üçün təlimlərin təşkilini də nəzərdə tutur.
E.Baimov çıxışında, həmçinin dövlət yardımının internet təhlükəsizliyi ilə əlaqədar məsələlərin həlli baxımından önəmli ola biləcəyinə diqqət çəkib.











































