Seçkidə iştirak edərkən bunlara mütləq diqqət edin - Tanınmış vəkil açıqladı

Seçkidə iştirak edərkən bunlara mütləq diqqət edin - Tanınmış vəkil açıqladı
Seçki2024
14:34 07.02.2020
2651

Vəkillər Kollegiyasının üzvü, Vəkil Roman Qaraşov 9 fevral Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar AZXEBER.COM-a geniş müsahibə verib. 

- Səsvermə prosesi necə həyata keçirilir?

- Məntəqə seçki komissiyasının üzvlərindən biri seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, eləcə də onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin gözlə görünməyən mürəkkəblə işarələnib-işarələnmədiyini yoxlayır və bundan sonra seçicinin məntəqəyə daxil olmasına icazə verir.

 

Daha sonra seçici seçki bülleteni almaq üçün komissiyasının üzvlərinə yaxınlaşır. Komissiyasının üzvlərindən biri seçicinin adının seçici siyahısında olub-olmadığını yoxlayır. Əgər şəxsin adı həmin seçki məntəqəsindəki seçicilər siyahısına daxildirsə, bu zaman səs verməzdən əvvəl seçiciyə sol əlinin baş barmağının gözlə görünməyən mürəkkəblə işarələnməsi təklif edilir.

 

Seçici sol əlinin baş barmağının gözlə görünməyən mürəkkəblə işarələnməsinə razılıq verirsə, seçicinin adının qarşısında seçicilər siyahısında səsverməyə gəlməsi barədə müvafiq qeyd aparılaraq ona səs vermək üçün seçki bülleteni verilir.

 

Seçici komissiyanın üzvündən seçki bülletenini alarkən seçicilər siyahısında öz adının qarşısında imza atır.

Seçki bülleteni seçiciyə verilərkən onun nömrələnmiş sol küncü məntəqə seçki komissiyasının üzvü tərəfindən kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır.

Əgər seçicinin adı seçicilər siyahısında yoxdursa, seçici şəxsiyyətini təsdiq edən sənədi məntəqə seçki komissiyasına təqdim edərək məntəqə seçki
komissiyası tərəfindən seçicilər siyahısına əlavə olunur. Seçicinin adı yalnız MSK-nın qərarı ilə seçicilər siyahısına daxil edilə bilər.

Hər bir seçici bir səsə malik olmaqla şəxsən və təklikdə səs verir.

Seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlil seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər. Bu şəxsin inisialı və soyadı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir.

Seçici seçki bülletenini doldurarkən səhvə yol verərsə, ona seçki bülleteni vermiş məntəqə seçki komissiyası üzvündən korlanmış seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verməsini xahiş edir. Bu halda seçki komissiyasının üzvü korlanmış bülleteni ortadan kəsməklə ləğv edir, seçiciyə yeni bülleten verir və seçicilər siyahısında seçicinin soyadından sağda müvafiq qeyd edir və barədə dərhal ayrıca akt tərtib olunur.

Seçki günü seçici səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsi ilə bildirir.

MnSK ərizə ilə müraciət etmiş şəxsləri seçki günü daşınan qutu ilə təmin edir. Belə ki, seçki günü məntəqə seçki komissiyasının hər biri müxtəlif siyasi partiyaları təmsil edən və ya bitərəfləri və siyasi partiyanı təmsil edən azı 2 üzvü müşahidəçilərin iştirakı ilə şəxsin yaşadığı ünvana gəlir və şəxs seçki məntəqəsindən kənarda səs verir.

Səsvermə günü seçicilər siyahısına daxil edildiyi seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasına qanunla müəyyən edilimiş müddət ərzində müraciət edərək qeydiyyatdan çıxma vəsiqəsi alır və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki istənilən seçki məntəqəsində səs verir. Seçici səsvermə günü müvafiq məntəqə seçki komissiyasına qeydiyyatdan çıxma vəsiqəsi ilə müraciət etdikdə, həmin vəsiqə seçicilər siyahısına əlavə edilir.

- Seçki günü səsvermə prosesi necə yekunlaşdırılır və rəsmləşdirilir?

- Saat 19.00-daMSK-nın sədri səsvermənin başa çatdığını ucadan elan edir və deyir: "Yalnız səsvermə otağında olan və seçki bülleteni almış seçicilərə səsverməni başa çatdırmağa icazə verilir”.

Seçki qutusunu açmamışdan əvvəl, MnSK-nın üzvləri müşahidəçilərin iştirakı ilə istifadə olunmamış bülletenləri sayırlar və ləğv edirlər.

İstifadə olunmamış bülletenlərin sayı elan olunmalıdır səsvermənin nəticələri haqqında olan son protokola yazılmalıdır.

Seçki bülleteni almış seçicilərin imzaları sayılmalı və səsvermənin nəticələri haqqında olan son protokola yazılmalıdır.

Eyni zamanda, qeydiyyatdançıxma vəsiqəsi ilə səs vermiş və səsvermə otağından kənarda səs vermiş seçicilərin sayı son protokola yazılmalıdır.

Sonra MnSK-nın sədri seçki qutularının möhürlərini yoxlayır, onu MnSK üzvlərinə və müşahidəçilərə göstərir və seçki qutularını açır.

Daşınan seçki qutusunda olan seçici bülletenləri birinci sayılmalıdır. Əgər orada olan seçici bülletenlərinin sayı səsvermə otağından kənarda səs vermək üçün verilmiş ərizələrin sayından çox olarsa, onda bu seçki qutusundan çıxan bütün bülletenlər MnSK-nın qərarı ilə etibarsız sayılır.

Daşınmaz seçki qutusunda olan seçici bülletenləri ikinci sayılmalıdır. Daşınmaz seçki qutusunda olan seçki bülletenlərinin sayı səsvermə günü seçki məntəqəsində seçicilərə verilmiş bülletenlərin sayından çox olarsa, seçki qutusundakı bütün bülletenlər MnSK-nın qərarı ilə etibarsız sayılır.

- Hansı səslər, bülletenlər etibarsız sayılır?

- Bülleten işarələnməyib və ya ona birdən çox işarə qoyulubsa, bülletendə qoyulmuş işarədən seçicinin iradəsini müəyyənləşdirmək mümkün deyilsə;

Əgər bülletenin etibarlılığı haqqında şübhələr varsa, MnSK üzvləri bunun etibarlı olub-olmamasını müəyyənləşdirmək üçün səsvermə keçirməlidirlər.

MnSK üzvləri tərəfindən səslərin hesablanması prosesi fasiləsiz aparılmalıdır. Bu zaman hər bir istifadə olunmuş bülleten möhürlənir. Bütün MnSK üzvləri və müşahidəçilər səsvermənin nəticələri barəsində məlumatlandırılmalıdırlar. Səsvermənin nəticələri ilə bağlı olan son protokol bütün MnSK üzvləri və müşahidəçilərin iştirakı ilə tərtib olunmalıdır. Protokolun bir nüsxəsi seçki məntəqəsinin məlumat lövhəsinə vurulur və o cümlədən müşahidəçilərə verilir.

- Seçki prosesində müşahidəçilərin işi nədən ibarətdir?

- Nəzərinizə çatdırım ki, müşahidəçilər üçün seçki günü səhər saat 7:00-da məntəqələr açılmalıdır. Məntəqədəyə müşahidəçi daxil olarkən orada seçki qutuları, səsvermə kabinələri, stol, dəftərxana və gizli səsvermə üçün digər ləvazimatlar hazır olmalıdır. Müşahidəçi baxmalıdır ki, namizədlər haqqında məlumat lövhələri, seçki bülletenlərinin və protokolun doldurulma qaydası seçki məntəqəsində yerləşdirilmişdirmi.

Seçki məntəqəsi elə təşkil olunmalıdır ki, məntəqə üzvləri və müşahidəçilər asanlıqla seçki bülletenlərinin verildiyi yerləri, səsvermə kabinələrini, seçki qutularını və səsvermənin digər hissələri asanlıqla müşahidə edə bilsinlər. (Seçki Məcəlləsinin 98.5.maddəsi)

Müşahidəçiseçki prosesinə mane olmamalı, səsvermə, səslərin sayılması və hesablanmasının qanuni qaydalarına müdaxilə etməməli, hər hansı bir siyasi partiyanın qalibiyyəti və məğlubiyyəti üçün tərəfdarlıq nümayiş etdirməməli, hər hansı namizədə aid olan materiallar və ya geyim nümayiş etdirməməli,hər hansı seçiciyə təsir göstərməməli, seçicilərdən kimə səs verəcəklərini və ya kimə səs verdiklərini soruşmamalı, seçicilərin nəticələri ilə bağlı fikirlər səsləndirməməli, spirtli içkilər qəbul etməməli, media vasitələrinə açıqlama verməməlidir.

Müşahidənin nəticələrinə dair akt və hesabatlarda müşahidə olunmuş çatışmamazlıqlar və qanun pozuntuları barədə qeydlər etmək lazımdır. Müşahidəçinin əsas işi, vəzifəsi seçki günü və səslərin hesablanması prosesi zamanı baş vermiş qanun pozuntularını müəyyənləşdirmək və baş vermiş qanun pozuntularının qarşısının alınmasıdır.

 


AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR