Azərbaycanın müdafiə naziri hesab edir ki, Ermənistanın işğalçı siyasətinin bu günə kimi davam etməsi dünyada hələ də ikili standartların mövcud olması ilə bağlıdır. Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bunu müdafiə naziri Səfər Əbiyev avqustun 23-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Müdafiə Qərargahı rəisinin maddi-texniki təchizat əməliyyatları üzrə müavini, aviasiya vitse-marşalı Qraham Hovard ilə görüşdə deyib. Əbiyev Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı barədə qonağı məlumatlandıraraq qeyd edib ki, artıq 20 ildir, bu təcavüz davam edir. Minsk qrupu tərəfindən aparılan danışıqlar heç bir nəticə verməyib. BMT-nin 4 qətnaməsi də indiyədək icra olunmayıb. Müdafiə naziri belə xoşagəlməz vəziyyətin hökm sürməsini dünyada hələ də ikili standartların mövcud olması ilə əlaqələndirib. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsinə də diqqət yetirilib. Qonaq hərbi sahədə inkişafa nail olmaq üçün Böyük Britaniyanın fəaliyyətini artıracağını bildirərək deyib ki, artıq ikitərəfli hərbi əməkdaşlıq barədə sazişin imzalanmasının vaxtı çatıb. Əbiyev bu təklifə öz razılığını bildirib.