Bir müddət öncə AZXEBER.COM portalı Müdafiə Naziri Səfər Əbiyevin Silahlı Qüvvələrin Akademiyasının qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyevə ultimatum verməsi barədə xəbər yaymışdıq. Məsələ ictimaiyyət arasında birmənalı qarşılanmayıb.
İndi isə, müdafiə nazirinin müavini, General-leytenant Çingiz Məmmədov Lənkəran Əliyevlə bağlı mətbuat gedən məlumatlara münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:
"Son günlər Təlim və Tədris Mərkəzinin sabiq rəisi, hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət edən general-mayor Lənkəran Əliyevin KİV-də mənasız və qərəzli səs-küyünə sözün doğrusu münasibət bildirmək fikrində deyildim. Çünki uzun illər bir yerdə çalışmış və onun rəis olduğu sahəyə bilavasitə nazir müavini kimi rəhbərlik etmişdim.
Vaxtaşırı ona öz məsləhətlərimi verir və nizamnamədənkənar hərəkətlərdən əl çəkməyi tövsiyə edirdim. Dediklərimizdən nətiсə çıxarmış olsaydı, indi özü də belə bir vəziyyətlə qarşılaşmazdı. Güman edirdim ki, səhvini başa düşüb bir daha həqiqətə uyğun olmayan məlumatlarla iсtimaiyyəti çaşdırmaz. Anсaq əksini gördüm. O, yenə də əsassız açıqlamalarını davam etdirməkdədir. İndi də guya özü arxa plana çəkilib yaxınlarının adından istifadə edərək doğru olmayan informasiyaları yaymaqla məşğuldur. Öz təşəbbüsümlə mən ona telefon zəngi etdim və məsləhət bildim ki, qanunsuz zəbt etdiyi mənzili təhfil versə daha yaxşı olar. Lakin mənim bu təklifimi sonradan başqa yerə yozaraq informasiya agentliklərindən birinə yanlış məlumatlar ötürüb. Bildirib ki, guya mən rəhbərlik adından ona ultimatum çatdırmışam və söyləmişəm ki, əks halda evdən zorla çıxarılaсaq. Əslində belə danışıq tonu mənim təbiətimə uyğün deyil. Bayaq qeyd etdiyim kimi, sadəсə öz məsləhətimi çatdırdım. O, isə bundan tamamilə başqa nətiсə çıxararaq öz xeyrinə faydalanmağa çalışıb. Çox təəssüfləndiriсi haldır.
İndi məcburam qeyd edəm ki, general Lənkəran Əliyevin TTM-in rəisi vəzifəsində xidmət edərkən şəxsi heyətlə kobud davranması və Silahlı Qüvvələrin nizamnamələrinin tələblərini pozmaqla yol verdiyi digər qanuna zidd hərəkətlər, tabeliyindəki hərbi qulluqçuların narazılığına və şəxsi heyətdə qeyri-sağlam abu-havanın yaranmasına səbəb olmuşdu. Dəfələrlə onun bu işləri diqqətinə çatdırılsa da, mənası olmayıb. Beləliklə, TTM-in hərbi qulluqçularından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyinə ünvanlanmış şikayətlər üzrə xidməti yoxlamalar aparılarkən xeyli sayda qanun pozuntuları aşkar edilib. Bütün bunlara görə də o tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilib. Mən artıq onun fəaliyyəti barədə mətbuata açıqlanan məlum faktları bir daha təkrarlamaq istəmirəm. Lakin bircə faktı çatdırmaqla kifayətlənirəm. 2004-cü ildə ona Azərbaycan Respublikasının prezidenti tərəfindən 180 kv.m-ə yaxın şəxsi mənzil verilib. Bu mənzilin indi harada və kimdə olduğunu onun özündən yaxşı bilən yoxdur. Belə olan halda qanunsuz mənzilartırma ilə məşğul olmaq nə dərəcədə ədalətli görünür?
General-leytenant Çingiz Məmmədov"
Qeyd edək ki, bəzi KİV-lərdə dərc edilən məlumatda bildirilirdi ki, müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov L. Əliyevə zəng edib və ona müdafiə naziri Səfər Əbiyevin xəbərdarlığını çatdırıb. Bildirib ki, S. Əbiyev ona yaşadığı evi boşaltmaq üçün iki gün vaxt verib və əks halda evdən zorla çıxarılacaq.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi general-mayor Lənkəran Əliyevi və onun üç qızını məhkəməyə verib. Nazirlik Lənkəran Əliyevə məxsus mənzilin orderinin etibarsız hesab edilməsi barədə iddia ilə əvvəlcə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Daha sonra nazirlik Ali Məhkəmədə kasasiya şikayəti verib. Ali Məhkəmə kasasiya şikayətini qismən təmin edərək, işi yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərib. Nazirlik onunla yanaşı, qızları - Eleonora, Səbinə və Zoya Əliyevalara qarşı da iddia qaldırıb.