‘Səfirin müsahibəsi Azərbaycanı Rusiyadan qoparmağa hesablanıb’ – Zahid Oruc

‘Səfirin müsahibəsi Azərbaycanı Rusiyadan qoparmağa hesablanıb’ –  Zahid Oruc
Bütün Xəbərlər
14:32 20.05.2014
1380

“ABŞ bu cür spekulyasiyalarla Azərbaycanı Rusiyadan kənarlaşdırmağa və qonşu dövlətlər arasında olan münasibətləri soyutmağa çalışır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azərbaycanla bağlı söylədiyi fikirlərə münasibət bildirərkən söyləyib. Deputat ABŞ-ın Azərbaycandakı səfirinin “Azadlıq Radiosu” vasitəsi ilə bu cür əsassız iddialar irəli sürdüyünü bildirib:

“ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq radiosuna” müsahibəsində Azərbaycan əleyhinə bu cür əsassız iddialar səsləndirməsi mənim üçün təəccüblü deyil. Ümumiyyətlə, siz də gözəl bilirsiniz ki, Azadlıq Radiosu ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir və səfirin məhz bu informasiya orqanı tərəfindən Azərbaycan əleyhinə fikirlər irəli sürməsi normaldır. Hər halda səfir öz təmsil etdiyi ölkənin maliyyə dəstəyi ilə ayaqda qalan bir mətbuat orqanı vasitəsi ilə bu cür iddialar irəli sürməli idi. Amma məsələnin digər tərəfinə baxdıqda Morninqstar nədənsə başqa mətbuat orqanlarına verdiyi müsahiblərində, açıqlamalarında Azərbaycan-ABŞ münasibətlərindən, ikitərəfli əməkdaşlıqdan bəhs edir”.

Z.Orucun sözlərinə görə, sözügedən müsahibə ilk növbədə Azərbaycanla-Rusiyanın arasını vurmağa və bu ölkələrin münasibətlərində soyuqluq yaratmağa hesablanıb:

“Digər bir tərəfdən, ABŞ bu cür iddialarla ilk növbədə Azərbaycanı Rusiyadan kənarlaşdırmağa və bu qonşu dövlətlər arasında olan münasibətlərə son qoymağa çalışır. Təsadüfi deyil ki, bəzi mətbuat orqanlarında Rusiya ordusunun guya Azərbaycana yeridilməsi ilə bağlı dezinformasiyaları yayan ölkə ABŞ-dır. Bütün bunların fonunda onu deyə bilərəm ki, ABŞ Azərbaycanın daxili işlərinə qarşımaq üçün bu cür vasitələrdən istifadə edir. Amma hər kəs əmin ola bilər ki, bu cəhdlər uğursuzluğa düçar olacaq”.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azadlıq radiosuna” müsahibəsində Azərbaycan hakimiyyətinin ünvanına bir sıra fikirlər söyləyib. Səfir müsahibəsində Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması ilə bağlı ehtimalların olduğunu və ölkədə insan haqları ilə bağlı ciddi nöqsanların olduğunu deyib.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR