Katarakt

Şəhriyar Məmmədyarov: "Belə bir turnirdə qələbə qazanmaq gözəl hissdir"

İDMAN
18:23 14.06.2021
204
"İlk dəfə belə bir turnirdə qalib olduğum üçün xoşbəxtəm. Bunun klassik şahmat üzrə keçirilməsi mənim üçün vacib idi. Çünki belə yarışlarda çempion olmaq elə də asan deyil".

Bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Superbet Chess Classic" turnirinin qalibi olması barədə təəssüratlarını bölüşərkən deyib.

36 yaşlı qrossmeyster onu dəstəkləyən dostlarına təşəkkürünü bildirib: "Oyunlarımı İslandiyada xəstəxanadan izləyən və hər gün mənə dəstək verən cənab Ceroma, həmçinin təkcə dostum yox, həm də qardaşım Vüsala "çox sağ ol" deyirəm. Turnir ərzində daim mənimlə birlikdə oldu. Təbii ki, bir də Coko və ailəsinə minnətdarlığımı bildirirəm. Coko Rumıniyada yaşayır, gənc şahmatçıdır. Bu gün doğum günüdür. Qələbəmi ona və cənab Ceroma həsr edirəm".

Məmmədyarov turnirə ciddi hazırlaşdığını söyləyib: "Son görüş öncəsi təqribən 7 saat məşq etdim. Demək olar ki, gecəni yatmadım. Pandemiya dövründə yarışa hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu. Uzun müddətdən sonra belə bir turnirdə iştirak etmək və güclü rəqiblərlə qarşılaşıb qələbə qazanmaq gözəl hissdir".

Təcrübəli şahmatçı yüksək səviyyəli təşkilatçılığa görə sponsorlara minnətdarlığını bildirib: "Qaldığımız otel, turnirin keçirildiyi zal çox gözəl idi. Dostluq şəraitində yarış oldu. Siz şərhçilərə də minnətdaram. Həqiqətən də sizin şərhçiliyinizdən zövq aldım. Hər şey üçün çox sağ olun".
 
///Report

OXŞAR XƏBƏRLƏR