Şəkidə yeni Məhkəmə Kompleksinin təməli qoyuldu

Şəkidə yeni Məhkəmə Kompleksinin təməli qoyuldu
Bütün Xəbərlər
08:52 03.12.2012
816
Şəki şəhərində ölkə rəhbərinin tapşırığına əsasən yeni məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə ədliyyə naziri Fikrət Məmmədov, nazir müavini Azər Cəfərov, Şəki şəhəri icra hakimiyyətinin başçısı Elxan Usubov, hüquq-mühafizə orqanlarının rəhbərləri, bölgənin hakimləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.İnşa olunan Şəki Məhkəmə Kompleksi 4 məhkəmədən: regional apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi və rayon məhkəmələrindən ibarət olan ilk məhkəmə kompleksidir.Bölgənin 11 rayonunu əhatə edən məhkəmə kompleksi üç mərtəbədən və zirzəmidən ibarət olmaqla müasir milli memarlıq üslubunda layihələndirilib. Yeni istifadəyə verilmiş məhkəmə binalarında olduğu kimi, bu kompleks də hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlərin qarşısının alınması üçün ictimai və inzibati zonaya bölünəcək. Bina həmçinin, ən müasir rabitə və informasiya texnologiyaları ilə təchiz olunmaqla vətəndaşlara lazım olan informasiyanı asanlıqla əldə etməyə, habelə məhkəmə iclaslarında audio-video yazılışlarını və videokonfransları aparmağa imkan yaradacaq.Tədbir iştirakçıları Şəki Məhkəmə Kompleksinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olduqdan sonra kompleksin təməlini atıblar.Mərasimdə ədliyyə naziri F.Məmmədov çıxış edərək ölkə başçısının rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları barədə məlumat verib, müasir məhkəmə infrastrukturunun yaradılmasının bu islahatların tərkib hissəsi olduğunu, əldə olunan nailiyyətlərin beynəlxalq aləmdə təqdir edildiyini vurğulayıb, regionlarda məhkəmələr üçün yeni binaların istifadəyə verilməsinin vətəndaşların hüquqlarının daha etibarlı təmin olunmasına xidmət etdiyini qeyd edib.Tədbirdən sonra ölkəmizin KİV-lərinə müsahibə verilib. Elə həmin gün Şəki regional ədliyyə şöbəsində nazir tərəfindən vətəndaşların qəbulu keçirilib, qaldırılan məsələlərlə bağlı zəruri göstərişlər verilib.
OXŞAR XƏBƏRLƏR