"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib:
Murad Ağabəyli bildirib ki, Şəki Şəhər Günü artıq ənənəvi xarakter alıb və bu cür festivallar turistlərin diqqətini cəlb edir.
"Biz Şəkidə müxtəlif dövrlərdə tədbirlər keçiririk. Xüsusilə Şəki Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyimiz tədbirləri vurğulamaq istəyirəm. Artıq ənənə halını almış Şəki Şəhər Gününü hər il qeyd edirik. Bu tip festivallar turistlərin kifayət qədər diqqətini cəlb edir.
Xan sarayı Azərbaycanın ən unikal memarlıq abidələrindən biridir. Bu abidə UNESCO tərəfindən qorunur və dünya irsinin bir parçasıdır. Xan sarayında gördüyümüz şəbəkə sənəti nümunələri, eyni zamanda, daxildəki rəsmlər bir çox hallarda başqa yerlərdə rast gəlinməyən xüsusiyyətlərə malikdir.
Ümumiyyətlə, Şəkidə turistlərin ən çox marağını cəlb edən iki əsas istiqamət var. Bunlardan biri şəhərin memarlığı, digəri isə kulinariyası və mətbəxidir. Şəki mətbəxi turistlərin böyük marağına səbəb olur. Xüsusilə şəhərin şirniyyatları və digər milli mətbəx nümunələri turistlərin diqqətini cəlb edir”, - deyə Murad Ağabəyli qeyd edib.
Fəridə Əsədzadə











































