Səlim Müslümov daha iki daş karxanasını bağladı - FOTOLAR

Səlim Müslümov daha iki daş karxanasını bağladı - FOTOLAR
Bütün Xəbərlər
15:22 15.04.2015
1020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 2 daş karxanasını bağlayıb.

Bu barədə AZXEBER.COM saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

E.Babayev bildirib ki, mişar daşlarının istehsal olunduğu müəssisələrdə (daş karxanalarında) əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların tələblərinə əməl edilməsi vəziyyətinin araşdırılması üçün yoxlama aparılıb. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşlarının da iştirak etdiyi yoxlamalarda ciddi nöqsanlar aşkarlanıb.

Bakının Qaradağ rayonunda yerləşən “Sehran” MMC-də və “Sunrice” MMC-də işçilərin həyat və sağlamlığı üçün təhlükəli vəziyyət olduğu müəyyənləşdirilib. İşçilərin ölməsinə və ya xəsarət almalarına səbəb ola biləcək istehsalat qəzalarının qarşısının alınması üçün bu müəssisələrdə heç bir profilaktiki tədbirlərin görülmədiyi, işçilərin fərdi mühafizə  vasitələri olmadan işlədikləri aşkarlanıb.

Digər tərəfdən, işçilərlə əmək münasibətlərinin, onlara ödənilən əmək haqlarının rəsmiləşdirilmədiyi, iş vaxtının rejimi, iş vaxtından artıq vaxtda işin tənzimlənməsi, istirahət vaxtı qaydalarının pozulması kimi nöqsanlar müşahidə edilib. Hər iki müəssisənin fəaliyyət dayandırılıb.

Qeyd edək ki, nazirlik bu aydan daş karxanalarında yoxlamalara başlayıb. Bundan əvvəl isə daha iki müəssisənin fəaliyyəti dayandırılıb.

 

OXŞAR XƏBƏRLƏR