“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı

“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
SOSİAL
14:16 23.09.2026
122
Jurnalist Əfsələddin Ağalarov yazır...
 
Alim Qasımov, şübhəsiz, qeyri-adi bir personadır.
Obrazlı desək, onun üçün auditoriya anlayışı yoxdur. Səhnəyə boylanan gözlər yoxdur, alqış səsi yoxdur.
"Bravo!”, "Bir daha!” qışqırıqlarına ehtiyacı, bu səslənişlərdən umacağı heç yoxdur.
Bircə səhnə var.
Azaddır. Həm də lap azadın azadı.
Gözdən itir, istədiyi vaxt öz ənənəvi obrazı ilə ortaya çıxır. Qaçmır, tələsmir, unudulmaqdan qorxmur.
 
***
Adamlar isə onu bütləşdirib, dünya şöhrətli sənətkarlar siyahısına salıblar.
O isə bu nəfis, misilsiz özgürlük duyğusunu başı-ayağı bilinməyən, varlığı müəmmalı olan o siyahıya dəyişmək istəmir.
Toyda rep oxuyur, oynayır. O oxuyur, oynayır, xalq da onun yaxasından yapışır ki, bu nə hərəkətlərdir toyda edirsən? Özünə gəl, sən Alim Qasımovsan. Yaraşmır. Ağır ol, batman gəz.
***
Üzeyir Mehdizadə ilə birlikdə ifa etdiyi musiqiyə yanaşması da bu məqamda maraqlıdır.
Alim Qasımov ona yaraşdırılan, olması istənilən Alim Qasımov obrazından özü də ehtiyat edir. Açıqlaması ona görə ütülüdür. Sakit, incikliyin qabağını kəsən ağsaqqal ədası ilə: "Bəyəndim, oxudum”, – deyib mövzunun üstündən tələsik keçir.
Alim müəllim bir dəyərdir!
***
 

Üzeyir isə dəyişmək, özünü başqa istiqamətdə sınamaq, daha ciddi layihələrlə məşğul olmaq istəyir.
Elə bil onun da "yaxasından" yapışıblar ki, sən Üzeyirsən. Dəyişə bilməzsən. Muğam sənlik deyil.
Məsələ elə həm də buradadır.
Alim Qasımov öz obrazından azaddır. İstədiyini edir, telefonunu söndürür, pürrəngi çayını içir.
Nə "instagram"ı var, nə "Tiktok"dakı "şir"dən xəbəri.
Üzeyir isə öz obrazından çıxmağa, sənətində yeniliklər etməyə çalışır. Çalışır, amma qarşısında həmin obrazı ona yaraşdıran bir auditoriya görür.
Biri sərhədləri aşır. Digəri sərhədləri aşmaq istəyəndə ona deyirlər ki, sənə qoyduğumuz sərhəddən çıxa bilməzsən.
İkisinə də münasibət eynidir.
Bəlkə də böyüklüyün ən böyük hədiyəsi budur: insanların onun haqqında yaratdığı obrazdan daha böyük ola bilmək.
Alim müəllim bunu bacarıb.
Üzeyir isə bacarmağa çalışır.

OXŞAR XƏBƏRLƏR