Xəbər verdiyimiz kimi, Rusiyanın xəbər portallarından olan “Afişa.ru” SSRİ-nin dağıldığı dövrdə anadan olan, hazırda 20 yaşda gənclərdən müsahibələr götürür. Sayt rəhbərliyi keçmiş müttəfiq respublikalardan 15 nəfər seçiblər, Bakıdan da Səriyyə Əliyeva adlı bir qızı danışdırıblar. Səriyyə müsahibəsində qeyd edib ki, BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsidir.
Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadə 20 yaşlı Səriyyə haqda maraqlı məlumat verib. O 1news.az saytına göndərdiyi məqalədə Səriyyə haqda maraqlı məlumatlar verib. Abbaszadə qeyd edib ki, Səriyyə Əliyeva BDU-ya testlə daxil olmayıb: "TQDK-nın Elektron İnformasiya bazasında son 20 ilin məlumatları saxlanılır. Biz heç bir zaman şəxsin icazəsi olmadan onun imtahan nəticələrini ictimaiyyətə açıqlamırıq. Amma əgər vətəndaş özü məlumatı açıqlayırsa, bizim də haqqımız var ki, onun haqda informasiyanı mətbuata açıqlayaq. 2008-ci ildə Səriyyə Əliyevadan bizə universitetə imtahan vermək üçün arayış daxil olub və o rus bölməsinə imtahan verəcəyini açıqlayıb. Bildiyiniz kimi, rus bölməsinə imtahan vermək istəyən tələbələr ilk növbədə Azərbaycan dilində imtahan verməlidirlər.Səriyyə Əliyeva isə ümumiyyətlə bu imtahanların heç birində iştirak etməyib. Belə olan təqdirdə deyim ki, bizim bu tələbə ilə bağlı heç bir məlumatımız yoxdur. Səriyyə Əliyeva test üsulu ilə heç bir universitetə daxil olmayıb".
Hadisə ilə bağlı AZXEBER.COM maraqlı məlumat əldə edib. BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər kafedrasından portalımıza verilən məlumata görə, onların fakültəsində Səriyyə Əliyeva adlı tələbə təhsil almır sadəcə bir neçə ay dərslərdə azad dinləyici kimi iştirak edib.
Səriyyə hazırda BDU-da Şərqşünaslıq fakültəsində təhsil alır. O Rusiya universitetlərindən birində təhsil alıb və sonradan BDU-ya köçürülmə yolu ilə gəlib. Səriyyə birbaşa Beynəlxalq Hüquq fakültəsinə köçürülmək istəsə də bu alınmayıb çünki adıçəkilən fakültəyə birbaşa keçid mümkün deyil. Bunun üçün ilk növbədə BDU-nun nisbətən aşağı ballı fakültəsinə keçib, oradan Beynəlxalq Hüquqa keçmək lazımdır.
Göründüyü kimi Səriyyə BDU-ya test üsulu ilə yox, köçürülmə ilə gəlib. Mövzuya yenidən qayıdacağıq
Hacıbəy HEYDƏRLİ