Avqustun 15-dən etibarən "Nizami” və "28 May” metrostansiyaları arasında sərnişin daşımalarını təmin edəcək əlavə avtobuslardan istifadə ödənişli olacaq. Bu qərar xüsusilə hər gün metrodan istifadə edən sakinlər arasında narazılıq yaradıb.
Sərnişinlər bildirirlər ki, alternativ nəqliyyatın ödənişli olması gündəlik yol xərclərini əhəmiyyətli dərəcədə artıracaq.
Məsələn, "Həzi Aslanov” stansiyasından "Dərnəgül” istiqamətinə gedən sərnişin normal şəraitdə yalnız metro haqqı ödədiyi halda, yeni qaydaya əsasən əlavə avtobusdan istifadə üçün də ödəniş etməli olacaq.
Sakinlər hesab edirlər ki, metroda aparılan təmir və ya yenidənqurma işləri səbəbindən təşkil olunan alternativ nəqliyyat sərnişinlərin seçimindən deyil, zərurətdən irəli gəlir. Bu səbəbdən əlavə avtobusların ödənişsiz fəaliyyət göstərməsinin daha ədalətli olacağını düşünürlər.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov AZXEBER.COM-a açıqlamasında deyib ki, eskpress marşrutlarda daşımaların ödənişli olması səbəbindən Bakı Metropoliteni xeyli sərnişin itirəcək:

"Ekspress marşrutlarda daşımaların ödənişli olması səbəbindən Bakı Metropoliteni xətlərin ayrılması müddətində - təxminən 11 ay ərzində xeyli sərnişin itirəcək. Çünki həqiqətən də bəzi sərnişinlər məhz əlavə xərcə və zaman itkisinə görə metrodan istifadə etməyəcəklər.
Məsələn, Əhmədli, Nərimanov, Gənclik tərəfdən Yasamal və ya mikrorayonlar istiqamətinə və əksinə gedib-gələn insanlar hesablayacaqlar ki, əlavə 10-15 dəqiqə vaxt itirəcəklər, həm də əlavə 60 qəpik ödəməli olacaqlar. Bu səbəbdən alternativ variantlara üz tutacaqlar və Bakı Metropoliteni sərnişin sayında azalma ilə üzləşəcək. Bu isə metro üçün iqtisadi itkidir. Çünki hər bir sərnişinin ödədiyi gediş haqqı metropolitenin qazancıdır.
Düzdür, bunun hansı həcmdə olacağını dəqiq hesablamalar göstərəcək”.
O qeyd edib ki, insanlar müxtəlif alternativlərə üz tutacaqlar:
"İkinci arqument odur ki, həmin sərnişinlərin bir qismi ekspress avtobuslardan istifadə etməyin çətinliyi səbəbindən metrodan da istifadə etmədikdə alternativlərə üz tutacaqlar. Bu alternativlər üç variantda olacaq: daimi avtobus marşrutları, fərdi avtomobillər və taksilər. Bu üç variantın hər biri mövcud vəziyyəti gərginləşdirə bilər. Daimi avtobuslara əlavə sərnişin axını olduqda, onsuz da kifayət qədər yüklənmiş marşrutlarda sıxlıq daha da artacaq. Digər tərəfdən, fərdi avtomobillərdən və taksilərdən istifadənin artması yollarda nəqliyyat sıxlığının yaranmasına səbəb olacaq. Yəni ödənişli ekspress daşımaların tətbiqi həmin istiqamətlər üzrə həm avtobuslarda sıxlığı artıracaq, həm də paralel küçə və prospektlərdə tıxacların yaranmasına gətirib çıxaracaq”.
Nəqliyyat eksperti qeyd edib ki, xətlərin ayrılması dövlət investisiya layihəsidir:
"Üçüncü arqument isə ondan ibarətdir ki, xətlərin ayrılması dövlət investisiya layihəsidir. Dövlət bu layihəyə böyük həcmdə vəsait ayırır. Buraya xətlərin bir-birindən ayrılması, yeni tunellərin və keçidlərin inşası, habelə gələcəkdə yeni stansiyaların tikintisi daxildir. Hesab edirəm ki, bu 11 ay ərzində fəaliyyət göstərəcək ekspress marşrutların xərcləri də həmin investisiya paketinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Yəni bu vəsait hansısa qurumun, sərnişinlərin üzərinə qoyulmamalı, metropolitenin inkişafı üçün ayrılmış dövlət investisiyası hesabına qarşılanmalıdır. Düzdür, bu da müəyyən xərc tələb edəcək və həmin xərc az olmayacaq. Amma Bakı Metropoliteninə yatırılan ümumi investisiyalar fonunda bu, nisbətən kiçik məbləğ təşkil edəcək. Tutaq ki, gün ərzində 50 və ya 60 avtobus həmin marşrutlar üzrə işləyəcək.
Onların gündəlik istismar xərcləri də investisiya layihəsinin tərkib hissəsi kimi nəzərə alınsa, məsələ daha düzgün həll olunar. Burada bir məqamı da nəzərə almaq lazımdır. Həmin ekspress marşrutların keçəcəyi küçələr onsuz da kifayət qədər yüklüdür. Buna görə də ekspress avtobusların sayını da istənilən qədər artırmaq mümkün deyil”.
"Bunun əks arqumenti də var. Məsələn, metrodan düşməyən şəxslər də pulsuz nəqliyyatdan yararlanmaq istəyə bilərlər. Amma mən düşünürəm ki, belə insanların sayı çox olmayacaq. Çünki bu gün həmin istiqamətlər üzrə ictimai nəqliyyatdan istifadə edənlərin mütləq əksəriyyəti metrodan istifadə edən insanlardır. Ekspress marşrutların yaradılmasının məqsədi də məhz bu sərnişinləri daşımaqdır. Ona görə də gətirdiyim arqumentlər və nəzərə aldığım əks arqument fonunda belə hesab edirəm ki, ekspres daşımaların ödənişsiz olması daha doğru yanaşma olar”,- deyə ekspert qeyd edib.
Şahanə Ziyad












































