İmtahanlarda 7 296 müəllim iştirak edib. İlkin nəticələrə əsasən, ölkə üzrə bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.
Bəs sertifikasiya imtahanında keçid balını toplaya bilməyən müəllimlər işə necə qəbul olunub? Müəllimləri sertifikasiyadan keçməyən direktorlar cəzalana bilərmi?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi AZXEBER.COM-a açıqlama verib.
O, açıqlamasında bildirib ki, müəllimlərin işəqəbulunu direktor deyil, Elm və Təhsil Nazirliyi həyata keçirir:
"Direktorlarının tabeliyində çalışan təhsil verənlər sertifikasiyadan keçməyiblərsə, məktəb rəhbərliyi bununla bağlı cəzalandırılmır. Çünki təhsil verəni məktəb direktoru işə götürmür. Yəni, həmin təhsil işçilərini Elm və Təhsil Nazirliyi işə götürür. Bilirsiniz ki, sertifikasiyadan keçə bilməyən şəxslərin müvafiq dövrdə müəllimlərin işə qəbulu imtahanından deyil, ondan əvvəlki dövrdə müxtəlif üsullarda işə qəbulu aparılıb. Elm və Təhsil Nazirliyi tərəfindən həmin şəxslər sertifikasiya prosesinə onların bilik və bacarıqları uyğun gəlmədiyi üçün müasir təhsil proqramlarından kənarlaşdırırlar".
Ekspert sertifikasiyadan keçə bilməyən müəllimlərin işə qəbul zamanı neqativ hallara yol verilə bilindiyini də istisna etməyib: "O, ki qaldı sertifikasiya imtahanından keçməyən müəllimlərin tabe olduqları müəssisə rəhbərlərinin cəzalandırılmasına, bu hansısa məktəbin direktorunun özbaşına, sertifikasiyadan keçməyən müəllimləri qeyri-qanuni üsullarla işə götürdüyü zaman baş verə bilər. Bu da üzə çıxdığı halda araşdırmalar zamanı belə hallarla rastlaşarsa, o zaman təbii cəza metodları tətbiq etmək olar. Lakin digər hallarda isə bu, mümkün deyil".
Günel Hüseynli