Gənc müğənni Sevinc Sultanovanın (Seva) növbəti hiti gələn həftə radio dalğalarında eşidiləcək.Seva kimi tanınan ifaçı AZXEBER.COM-a açıqlamasında populyar bəstəkar Pərviz Mahmudovun yaradıcılığına müraciət etdiyini dedi. Sözləri Leyliyə məxsus olan “Eşq dəlisi” mahnısını Hakan Erol aranjeman edib: “Bu Pərvizlə ilk işbirliyimizdir. Uzun müddətdir radio dalğalarında səslənən bəstəkar və aranjemançı Hakan Erolun Leylinin sözlərinə yazdığı “Yenə yenə” mahnısı da çox sevildi. Klip çəkdirəcəyimiz mahnını isə hələlik sirr saxlayırıq. Ekran işini tanınmış rejissorlarından birinə həvalə edəcəyik və həmin klipdə indiyədək Azərbaycanda olmayan maraqlı süjet xətti və görüntülər olacaq”. Səhnəyə iddialı gələn müğənni ailə vəziyyəti ilə əlaqədar uzun illərdir Norveçdə yaşadığını, lakin orda deyil, məhz Vətənində musiqi sənətinə gəlməyi arzuladığını da etiraf etdi. Orada dəfələrlə şansı olsa da səhnəyə çıxmaq istəməyən ifaçı “Seva”nı isə səhnə üçün qısa və yaddaqalan olduğu üçün təxəllüs seçib: “Zəngin musiqimiz, istedadlı bəstəkar və şairlərimiz ola-ola başqa bir ölkədə yaradıcılıqla məşğul olmaq istəmədim. Yaradıcılığa həvəs ailəmizdən gəlib, ailəmizdə professional sənətlə məşğul olanlar var. Lakin heç vaxt nə onların adından istifadə etdiyimi, nə də qalmaqal etdiyimi görməyəcəksiniz. Yalnız mahnılarımla gündəmdə qalacam”. Beləliklə, bəstəkar Pərviz yeni hiti ilə səhnədə ilk addımlarını atan daha bir ifaçının yolunda yaşıl işıq olacaq. Röya, Aygün Kazımova kimi populyar estrada ulduzları və Sevda Yəhyayeva, İlhamə Qasımova, Günay İbrahimli, Zarina kimi gənc müğənnilərlə işbirliyi edən bəstəkar səhnəyə yeni gələn ifaçılarla işləməyin daha asan olduğunu etiraf etdi: “Seva çox istedadlıdır. İnanıram ki, digərləri kimi mənim mahnım ona da düşərli olacaq. Populyar müğənnilər artıq öz sözlərini deyiblər, gənc müğənnilərlə işləmək isə daha maraqlıdır, yeni səs, yeni ifa, yeni tanışlıqdır.” Qeyd edək ki, Seva “Persona” Milli Mükafatına layiq görülüb.