Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin qızı, hazırkı dövlət başçısı İlham Əliyevin bacısı Sevil Əliyevanın musiqi albomu işıq üzü görüb. AZXEBER.COM AzərTAc-a istinadla xəbər verir ki, Sevil Əliyeva öz bəstələrindən ibarət instrumental albomunu mərhum valideynlərinin - atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr edib. Albom “Ze qaleri of Sevil” adlanır. “Yuniversal Myuzik” şirkətinin nəfis disk formasında hazırladığı, klassik və caz musiqilərinin toplandığı albomun ərsəyə gəlməsində Sergey Skripkanın rəhbərliyi altında Rusiya simfonik orkestri, dünyanın məşhur ifaçılarından Yuri Başmet, görkəmli saksafon ifaçısı İqor Butman birliyi iştirak edib.Albom Londonun “Əbbe Roud” studiyasında yazılıb.“Ze qaleri of Sevil” albomu iki variantda hazırlanıb. Birinci variant ikidiskli konseptual bukletli albomdur. İkinci variant isə Sevil Əliyevanın Heydər Əliyev və Zərifə Əliyeva ilə birgə uşaqlıq və yeniyetməlik şəkillərinin toplandığı diskli kitabdır.“Ze qaleri of Sevil” albomunun təqdimat mərasimi noyabrın 7-də Moskvada İqor Butmanın caz klubunda keçirilib. “Yuniversal Myuzik”in baş direktoru Dmitri Konnovun aparıcılıq etdiyi mərasimdə tanınmış mədəniyyət xadimləri iştirak ediblər. Tədbirin qonaqları sırasında Leonid Mleçin, Vsevolod Şilovski, Vladimir Berezin, Natalya Daryalova, İlya və Aleksandra Buts və digər şəxslər olub.