Sevinc Hüseynova: “Gənclər daha çox onların sosial məsələlərinin həllinə diqqətin yetirilməsini tələb edir"–MÜSAHİBƏ

GƏNCLİK
23:56 15.11.2011
3643

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı davam edir. AZXEBER.COM portalı festivalla bağlı millət vəkili Sevinc Hüseynovanın fikirlərini öyrənib. Millət vəkili festivalın işini yüksək qiymətləndirdiyini və bu cür layihələrin davamlı şəkildə keçirilməsinə ehtiyac olduğunu söyləyib. Müsahibəni olduğu kimi təqdim edirik... Sevinc xanım, Azərbaycan gəncliyinin hazırkı vəziyyəti sizi qane edirmi?

Təbii ki, edir. Çünki bugünkü Azərbaycan gəncliyi vətənə bağlı, vətənini sevən və vətən uğrunda fədakarlıq edən gənclikdir. Yaxın tarixə nəzər salsaq, görərik ki, bu gün bizim Mübariz İbrahimov kimi qəhrəmanımız məhz bu cür gənclərin arasından çıxmışdır. Buna görə biz öz gəncliyimizə hər zaman güvənirik. Siz özünüz gənclər sferasında nə vaxtsa fəaliyyət göstərmisiniz?

Bəli, mən özüm millət vəkili seçilməzdən öncə gənclər sferasında fəaliyyət göstərirdim. Bu gün Milli Məclisdə gənclərlə bağlı hansı qanun layihələri müzakirəyə çıxardılır?

Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ardından, bütün sahələrdə olduğu kimi, dövlətin gənclər sahəsinə olan diqqət də artdı. Ulu öndər Heydər Əliyevin fərmanı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin fəaliyyətə başlanılması və bunun ardından Milli Şuranın yaradılması gənclərlə bağlı aparılan siyasətin bariz təzahürüdür. Hazırda bu nazirliyin gördüyü işlər isə göz önündədir. Artıq 90-cı illərdən bu günə kimi bir çox dövlət proqramları və qanunlar imzalanmışdı. Bunlar isə bu sahədə keyfiyyət dəyişikliklərinin əldə olunmasına əlverişli zəmin yaratmışdı. Ən sonuncu isə cənab prezident İlham Əliyevin bu yaxınlarda imzalandığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı”dır. Bəs proqramda daha çox hansı məsələlər ön plana çəkilir? Bu proqramda gənclər siyasətinin prioritet istiqamətləri üzrə bir çox məsələlərə toxunulur. Gənclərin məşğulluğunun təmin edilməsi, onların karyera artımı, ictmai-siyasi fəallığının təmin edilməsinə yönəlib. Həmçinin gənc ailələrin ipoteka kreditləşməsinin şərtlərinin sadələşdirilməsi nəzərdə tutulur. Ancaq düşünürəm ki, mənim üçün burada ən vacib olan məsələ gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsidir. Mən buna daha çox önəm verirəm. Çünki xalqımızın və dövlətimizin ən ağrılı olan problemi ərazilərimizin 20%-nin işğal altında olmasıdır. Bugünkü gəncliyin ən böyük problem nədir? Hər bir zaman çətinliklər olur. Bunların həlli isə inkişafa yol açır. Sözsüz ki, 90-cı illərdə müstəqil Azərbaycanın ilk illərində gənclər üçün vacib məsələ gənclər siyasətinin maddi-texniki, hüquqi bazasının yaradılması idisə, bugünkü gün gənclər daha çox onların sosial məsələlərinin həllinə diqqətin yetirilməsini tələb edir. Mənim yadımdadır ki, gənclərlə bağlı birinci dövlət proqramı imzalananda gənclərin prolemləri fərqli idi. Hazırkı dövlət proqramı imzalananda isə nəzər yetirsək, görərik ki, gənclərin problemləri o dövrdəkinə nisbətən tam başqadır. Ona görə düşünürəm ki, hər bir cəmiyyətdə problem olur. Ancaq məsələ bu problemin köklü şəkildə həllinə çalışmaqdır ki, bu gün də bunun üçün kifayət qədər işlər görülür.

Sevinc xanım, sizin üçün vətənpərvərlik nədir?

Mənim üçün vətənpərvərliyin mənası çox dərindir. Və bunu 2 cümlə ilə ifadə etmək mümkün deyil. Onu deyə bilərəm ki, mənim üçün vətənpərvərlik vətəni sevmək, ona sədaqətli xidmət etmək, şəxsi maraqları bir kənara qoymaq və lazım gələrsə, onun üçün ölmək deməkdir.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR