'Seymur Orucov bu debata həvəsli deyilsə, o zaman əvəzindən mən gedərəm'

Bütün Xəbərlər
13:04 18.05.2012
1677
Dünən ”Azadlıq” qəzetinin rəsmi saytında AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı hakim partiyadakı həmkarı, YAP gənclər təşkilatının sədri Seymur Orucova açıq debat çağırışı edib. O, istənilən media qurumunda onunla fikir mübadiləsinə, eyni zamanda AXCP Gənclər Komitəsinin ölkədəki ən intellektual gənclər təşkilatı olduğunu hər an sübut etməyə hazır olduğunu bəyan edib. Qarşı tərəf hələ ki bu çağırışa hər hansı bir şəkildə münasibət bildirməsə də, digər iqtidar təmsilçisindən, Demokratik Maarifçilik Partiyasının gənc sədri Elşən Musayevdən artıq mövzu ilə bağlı reaksiya gəlib. Partiya sədri deyib ki, əgər debat mövzusu, fikir mübadiləsi qarşı tərəf üçün bu qədər aktual, arzu olunandırsa o zaman niyə həmin Əbülfəz Qurbanlının da təmsil olunduğu partiyanın rəhbəri Əli Kərimli etdiyim çoxsaylı çağırışlara rəğmən debata gəlmədi?: “Üstəgəl mən də bəyan etmişdim ki, cənab Prezidentin seçki qərargahının az saylı üzvlərindən biri və rəsmi qeydiyyatı olan bir partiyanın sədri olaraq istənilən media qurumunda belə bir debatın keçirilməsinə razıyam.  Sonuc olaraqsa qarşı tərəfdən heç bir xəbər-ətər çıxmadı. Çünki onlar hər nə qədər siyasi romantikaya meyllənmiş olsalar da, ən azından iqtidar düşərgəsində kimin kim olduğunu çox yaxşı bilirlər və həmin debatın perspektivini də gözəlcə hesablamaq gücündədirlər. Əbülfəz Qurbanlının təklifinə gəldikdə Seymur Orucov bu debata getsə, daha yaxşı olar. Çünki bizim siyasi mübarizəmizin ən əsas qollarından biri də elə məhz özünü təsdiq və rəqibi yerində oturda bilmə bacarığıdır. İnanın ki, Əbülfəz Qurbanlı onunla bacaracaq biri deyil. Reallıq və görülən işlər də göstərir ki, siyasi təfəkkür və intellekt anlamında bu iki şəxsi bir-birindən ayıran, fərqləndirən çox ciddi amillər var. Yox əgər Seymur Orucov bu debata həvəsli deyilsə, o zaman əvəzindən mən gedərəm. Hərçənd bu günə qədər “Azadlıq” radiosu da daxil olmaqla bir sıra müxalif yönümlü media qurumlarının, gənclər sektorundakı təmsilçilərlə debat təklifindən birmənalı şəkildə imtina etmişəm. Çünki özümü gənc hesab etmirəm. Amma madam ki söz polemikası bu həddə qədər irəliləyib o zaman düşünürəm, bir dəfə də olsa belələrinin “dərs”ini verməyə dəyər.
OXŞAR XƏBƏRLƏR