Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov diasporanın önəmi haqda danışıb. AZXEBER.COM həmin çıxışı təqdim edir "Müasir dövrümüzdə diasporun önəmi danılmazdır. Xüsusilə böyük dövlətlərdə diasporun güclü olması xarici siyasətin uğurlu olma amillərindən ən vacibinə çevrilməkdədir. Tarixdə də müxtəlif zamanlarda diasporun fəaliyyəti nəticəsində uğurlar qazanılıb. Lakin qədim tarix müharibələrlə seçilmişdirsə, müasir tarix daha çox danışıqlar, beynəlxalq hüquq və s. şəraitdə cərəyan etməkdədir. Diasporun müasir dövrümüzdəki rolu bu səbəbdən böyük önəm daşımaqdadır. Mənfur qonşularımızın diasporu da buna misal olaraq göstərilə bilər. Təbii, Ermənistan bizim üçün bir misal ola bilməz. Bizim ölkənin bütün sahələrdə inkişafı və uydurulma yox, qədim tarixə malik olması buna imkan vermir. Lakin millətin zəifliyindən doğan erməni diasporunun tarixi var və uğurların çox hissəsi məhz ona aiddir. Lakin güclü dövlətlər belə indi diaspora ehtiyac duyur. Bu baxımdan bölgədə öz sözünü deməyə hazırlaşan və uğurlu və sürətlə inkişaf edən Azərbaycanın güclü diaspora nə qədər ehtiyac duyması danılmazdır. Düşündükdə BMT-nin Təhlükəsizlik Şurasının beş ölkəsi yada düşür. İlk növbədə burada diaspor öz yerini sağlam tutmalıdır. Ancaq bu, o demək deyil ki, kiçik və ya dost ölkələrdə diaspora ehtiyac yoxdur. Qonşu və qardaş Türkiyə ilə belə münasibətlərin pozulmasına çalışılan meyillərin ən yaxın tariximizdə şahidi olmuşuq. Lakin böyük dövlətləri götürdükdə və nəzərə alsaq ki, onlardan biri bizim qonşumuz və tariximizdə bizimlə müxtəlif mövqelərdə kəsişən Rusiyadır, orada diasporumuzun güclü olması vaciblərin vacibi məsələsinə çevrilməkdədir. Əslində ümummilli liderimiz Heydər Əliyevin Moskvada yüksək vəzifə tutmasından sonra pərdə arxası diasporumuz fəaliyyət göstərirdi. Mərhum liderimiz ölkəmizlə əlaqədar bütün məsələləri lehimizə çevirir və gələcək ziyanları da dəf edirdi.