Silahlı şəxslər Tripolidə Liviya Hesablama Palatasının binasını ələ keçiriblər

Silahlı şəxslər Tripolidə Liviya Hesablama Palatasının binasını ələ keçiriblər
DÜNYA
23:47 21.10.2026
216
Bir qrup silahlı şəxs Liviya Hesablama Palatasının Tripolidəki mənzil-qərargahına soxularaq, idarə rəhbərinə yeni müavin təyin etməyə çalışıb.

"Al Hadath" telekanalı xəbər verir ki, maskalı silahlı şəxslər Ənvər əl-Hauşun Hesablama Palatası rəhbərinin müavini vəzifəsinə başlamasını təmin etmək üçün binaya daxil olublar.

Müvafiq qərarı Liviya Ali Dövlət Şurasının sədri Məhəmməd Takala qəbul edib. Lakin təyinat həm şuranın öz daxilində, həm də ölkənin şərqində fəaliyyət göstərən Nümayəndələr Palatası tərəfindən etirazla qarşılanıb.

Telekanalın məlumatına görə, silahlı şəxslər Liviya Milli Birlik Hökumətinə tabe olan 444-cü briqadaya məxsusdurlar.

BMT-nin Liviyaya Dəstək Missiyası mübahisəli kadr qərarını qəbul etdirmək məqsədilə güc tətbiqini və hədə-qorxu gəlinməsini pisləyib. Hesablama Palatasının fəaliyyətinə silahlı müdaxilənin dərhal dayandırılması və silahlı şəxslərin binadan çıxarılması tələb edilib.

Missiyadan vurğulayıblar ki, bu cür hərəkətlər qanunun aliliyinə və dövlət institutlarının müstəqilliyinə təhlükə yaradır. BMT təyinatlarla bağlı mübahisələri yalnız qanunvericilikdə nəzərdə tutulmuş mexanizmlər vasitəsilə həll etməyə çağırıb.

Baş verənlər fonunda Hesablama Palatasının əməkdaşları təhlükəsizliklərinin, qurumun müstəqilliyinin təmin olunmasına və onun fəaliyyətinə müdaxilənin dayandırılmasına qədər işi dayandırdıqlarını elan ediblər.

Liviya Hesablama Palatası dövlət xərclərinə və büdcə vəsaitlərinin istifadəsinə nəzarəti həyata keçirən ölkənin əsas nəzarət orqanlarından biridir.
 
///report///
OXŞAR XƏBƏRLƏR