SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb

SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
SOSİAL
17:56 09.06.2026
135
AzInTelekom tərəfindən təqdim edilən rəqəmsal həllər ekosistemi çərçivəsində əsas platformalardan biri olan SİMA-nın hazırda təxminən 7 milyona yaxın istifadəçisi var.

Bu barədə AzInTelecom şirkətinin Kommersiya Departamentinin Direktoru Fərrux Fərəcullayev Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, platforma ilkin mərhələdə SİMA imza həlli ilə fəaliyyətə başlasa da, sonradan biometrik identifikasiya əsaslı həllərə keçid genişləndirilib:

"Maliyyə sektorunda "Know Your Customer (KYC)” yanaşması çərçivəsində biometrik identifikasiya metodları geniş tətbiq olunur. Banklar artıq bu sistemləri müxtəlif mərhələlərdə istifadə edirlər.
Üz tanıma texnologiyası vasitəsilə istifadəçinin canlı görüntüsü və sənəd məlumatları müqayisə edilərək identifikasiya həyata keçirilir. Sistemin effektivliyi əsasən görüntü keyfiyyətindən asılıdır" - deyə o bildirib.

Fərrux Fərəcullayev əlavə edib ki, gələcək mərhələdə əsas hədəflərdən biri üz tanıma vasitəsilə ödəniş təsdiqləmə sistemlərinin genişləndirilməsidir:

"Bildiyiniz kimi, bir ay öncə biz Azərbaycan Dəmir Yollarında bunu tətbiq etdik və 4 stansiyada hal-hazırda vətəndaşlar üz tanıma ilə ödəniş edə bilirlər.

Bundan başqa, planlara əsasən, SİMA Pay ekosistemi daxilində banklar və rəqəmsal cüzdanlar ("wallet”lər) ilə inteqrasiyanın daha da gücləndirilməsi nəzərdə tutulur. Bu, istifadəçilərə müxtəlif ödəniş alətləri arasında daha çevik keçid imkanı yaradacaq və əməliyyatların daha sürətli icrasını təmin edəcək. Hazırda ilkin tətbiq mərhələsində olan SİMA Pay sistemi gələcəkdə daha geniş xidmət şəbəkəsinə çıxış əldə edəcək" - deyə o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR