«İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra sığorta agentlərinin xidmətlərinə tələbat xeyli artmış, sığorta agenti fəaliyyəti icbari sığorta müqavilələrinin bağlanılmasının təmin edilməsində əhəmiyyətli fəaliyyət növü kimi seçilməyə başlamışdır. Sığorta qanunvericiliyinin tələblərinə müvafiq olaraq Maliyyə Nazirliyi tərəfindən sığorta ageni fəaliyyətinə lisenziya verilmiş şəxslərin sayı hazırki tarixə 400 nəfərdən artıq təşkil edir.Sığorta agentlərinin fəaliyyətində son zamanlar müşahidə olunan problemli məsələlərin və onların aradan qaldırılması yollarının, həmçinin sığorta agentlərinin fəaliyyətinin tənzimlənməsi perspektivlərinin müzakirə edilməsi məqsədilə 7 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə Sığorta Agentlərinin 1-ci Milli Forumu keçiriləcəkdir. Forumda DSNX-nin və İcbari Sığorta Bürosunun vəzifəli şəxslərinin, sığortaçıların nümayəndələrinin və sığorta agentlərinin çıxışları nəzərdə tutulur. Tədbirdə "Sığorta agenti fəaliyyəti: problemlər və perspektivlər" mövzusunda müzakirələr aparılacaq və təkliflər dinləniləcək.Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, və “Atəşgah Sığorta”, “Standard Insurance”, “AzSığorta”, “AXA Mbask Sığorta”, “Paşa Sığorta”, “İpək Yolu Sığorta” və “Meqa Sığorta” Şirkətlərinin sponsorluğu ilə baş tutacaq. Sizdən 7 dekabr 2012-ci il tarixində, saat 10:00-da Beynəlxalq Ticarət Mərkəzində (Bakı şəhəri, H.Əliyev prospekti 95) keçiriləcək Sığorta Agentlərinin 1-ci Milli Forumuna informasiya dəstəyi göstərməyinizi xahiş edirik.