Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti “İrəli” İctimai Birliyi, “Standard Insurance” və “Qarant Sığorta” şirkətlərinin birgə həyata keçirdiyi “Sığorta Akademiyası” layihəsi başa çatıb. “İrəli” İB-in mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyevanın AZXEBER.COM-a verdiyi məlumata görə, layihə iki – nəzəri və praktik hissələrdən ibarət olub. İlkin mərhələdə sığorta sahəsini əhatə edən mövzular üzrə təlimlər ekspert Xəyal Məmmədxanlı tərəfindən keçirilib. Aprel ayından layihənin ikinci praktik hissəsinə start verilib. Bir ay müddətində iştirakçılar ölkənin öndə olan sığorta şirkətlərində təcrübə keçmək şansı əldə ediblər. Onlara bu sahənin mütəxəssisləri ilə görüşlər də təşkil olunub. İştirakçılar nəzəri hissədə keçdikləri mövzular üzrə test üsulu ilə imtahan veriblər. İmtahanın nəticələrinə əsasən yüksək bal toplayan iştirakçılar “Standard Insurance” və “Qarant Sığorta” şirkətləri tərəfindən işlə təmin olunub. Eyni zamanda, layihə iştirakçıları təyinatı üzrə digər sığorta şirkətlərində təcrübə keçmək şansı qazanıblar.