Tofiq AbbasovBarışmaz müxalifət vahid namizədini müəyyən etdikdən sonra da sıralarında “zəlzələ” davam edir.
Geniş formatda gedən daxili qarşıdurmalar bu qüvvənin daxilində ciddi qeyri-sağlam mühitin permanent olmasını bir daha təsdiqləyir. İllərdir davam edən prosesin qarşısını hələ də almaq mümkün olmayıb, çünki didişmələr sanki düşərgəyə özünü təsdiqləmək üçün lazımdır.
Diqqətçəkən bir də odur ki, baş qəhrəmanlar da illərdir dəyişmir. Müsavat əvvəlki kimi yenə olan-qalan qruplara qarşı gedərək özünün öndə olmasını zorla təsdiqlədib hamıya qəbul etdirmək istəyir. Ənənəyə uyğun olaraq əleyhdarlar dəstəsinin əzəli “dost və həmfikiri” isə AXCP-dir. Səs-səmirləri çıxmasa da, cəbhəçilər sakit-sakit müxaliflər arasında müsavatçılara qarşı dağıdıcı fəaliyyət aparıb “müttəfiqinə” irəli çıxıb dəstənin “lokomotivinə” çevrilmək imkanı vermirlər.
Demək olar ki, müxalifət beş il əvvəlki yerdə necə vardısa, elə də qalıb, heç nə dəyişməyib. Dəyişən təkcə sıralarının seyrəlməsi, saylarının azalmasıdır ki, müxaliflər bunu cidd-cəhdlə ört-basdır edib, əks mənzərənin olmasından dəm vururlar. Bir neçə ay öncə bölgələrdə qaynar siyasi fəaliyyət imitasiya etmək cəhdləri də onunla bağlı idi ki, guya hakimiyyətə qarşı gedən qüvvələrin sıralarında canlanma say artımı ilə bağlıdır. Lakin heç bu da əsas intriqa deyil.
Məzəli olan odur ki, müxalif partiyalar, onlardan qalan hissələrə başçılıq edənlər indi də bir-biri ilə “intensiv danışıq və məsləhətləşmələr” aparmağa başlayıblar. Özü də bu işdə önə çıxan Milli Şuranın vahid namizədi Cəmil Həsənlidir. Bir halda ki, partiya və qruplar qurum tərkibində bir cərgədədirlər, onda sual olunur, ayrı-ayrılıqda partiya kapitanlarının bir-biri ilə fərdi görüşləri hansı problemlərin həllini təmin edir?
Məntiqlə C.Həsənli əgər seçkilərdə səs toplamaq niyyətindədirsə, gərək ilk növbədə, diqqəti silahdaşların səfərbərliyinə yönəltsin ki, həm MSK-ya veriləcək siyahılar üçün imzalar toplansın, həm də təbliğat-təşviqat işinin əsasları yerlərdə bərqərar olsun. Namizədin indi daha çox yerlərdə olması lazımdır ki, potensial seçicilərə özünün baxış və məramlarını anlada bilsin. Bunu etməyib, yenə də ofislərdə, təşkilatların qərargahlarında baş girləməklə günləri ötürməyin xeyri, yəqin ki, olmayacaq.
Bu qalsın bir yana, MŞ-dəki mövcud qeyri-sağlam vəziyyət üzvlər üçün həyəcandan başqa bir şey gətirmir. Reanimasiya işinin qənaətbəxş rejimdə getməsindən ötrü vahid namizədlə ona dəstək olmaq istəyənlərin bütün səyləri gərək ideoloji işin üzərində köklənsin. Reallıq belə göstərir ki, bu məsələ ilə bağlı boşluq çox dərindir və ip ucları qətiyyən ələ gəlmir. Təəccüblü deyil. Çünki ideologiya, sadəcə, yoxdur. Olmayan şeyi isə necə təbliğ etmək olar? Və ya o yoxdursa, seçicini necə inandırmaq olar ki, MŞ-nin fəaliyyəti məqsədyönlüdür?
Vakuum, ilk növbədə, elə C.Həsənlinin özünü ofislərə üz tutmağa vadar edir ki, boşluğun mövcudluğu gizlədilsin. Mahiyyət və predmeti olmayan müzakirələrdən dərhal sonra mediada hesabat xarakterli məlumatlar dərc edilir. Onlardan bəlli olur ki, kimsə kimisə seçkilərdə mütləq dəstəkləyəcək. Özü də söz MŞ-də təmsil olunan təşkilatların bir-birinə geniş jestlər etməsindən gedir. Və yenə də anlaşılmazlıq yaranır. Deməli, cəm halda razılıq əldə edildikdən sonra, bir də ayrı-ayrılıqda müttəfiqlik edənlər vədlərinə sadiq olacaqlarını yenidən təsdiqləyib səs-küy salırlar. Və yenə də ortaya nə yeni bir cizgi, nə məqam, nə də mətləb çıxır.
Nəhayət, daim gedən və ardı-arası kəsilməyən ifşaetmə kampaniyaları da oturuşmuş qaydada öz əksini tapır. Okeanın o tayından tutmuş, bu tayına qədər kimin kimə iddiası varsa, durmadan yarlıqları yapışdıra-yapışdıra gedir. Satqın axtarışı isə bitmir ki, bitmir. Dünənki müttəfiqlər müvəqqəti düşmən olub, seçkinin yekunlaşmasını güzləyirlər. İş-işdən keçəndən sonra hər şey öz yerinə qayıdacaq. Yəni, Müsavat AXCP ilə barışıq əldə edəcək. Hələ bununla bağlı bir anlaşma sənədi də imzalanacaq. Digərləri də bu tərzdə umu-küsünü bitirib yenə biraraya gələcəklər ki, iki ildən sonra keçiriləcək parlament seçkilərinin “strategiyasını” cızsınlar.
Bax, burda deyirlər ki, keçmişin dərsləri çox nadir hallarda gözüqıpıq adamları nəyisə dərs kimi anlamağa məcbur edir. Amma sözügedən cənabların ibrət götürməmək əhvalatının başqa tərəfi var. Müxaliflər dərində nə ilə necə məşğul olduqlarını gözəl anlayırlar. Sadəcə, ötən əsrin 90-cı illərinin səviyyəsində ilişib qalmalarının əsas səbəbini etiraf edə bilmirlər. Əsas səbəb isə hər şeyi təsadüfün ayağına bağlayıb, vəziyyətə hakim kəsilmək istəyidir ki, o da baş vermir.
Vermirsə də eybi yoxdur. Çünki meydanda hətta aciz qalmaq kənara çəkilməkdən üstündür. 20 il işbazlıq və siyasətbazlıq etmək onların peşə keyfiyyətlərini çoxdan yoxa çıxarıb. Odur ki, bacarıqsızlıqdan doğan çarəsizlik həqiqətən də böyük dərddir. Amma bu, onlar üçün həm də sığortalayıcı amildir. Aldadıcı olsa belə.