Xəbər verildiyi kimi, “Siyasi partiyalar haqqında” qanun layihəsi Avropa Şurası Venesiya Komissiyasında müzakirə olunacaq. Müzakirələr aparmaq üçün Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu gün Strasburqa yola düşüb. O, açıqlamasında siyasi partiyaları daxili və xarici asılılıqdan xilas etməyin zamanının çatdığını bildirib: “Dövlət öz imkanlarından istifadə edərək partiyaların maliyyələşdirilməsini öz üzərinə götürə bilər. O partiyalar ki, sözün həqiqi mənasında Azərbaycan cəmiyyətinin formaladırılmasında iştirak edir, içtimai institut kimi onun fəaliyyəti dövlətlə, dövlətçiliklə bağlıdır və bütovlikdə Azərbaycan vətəndaşların maraqlarına uyğundur, onlar bu maliyyələşmədə təmsil olunacaq”. Bəs görəsən xaricdə siyasi partiyaların maliyyələşməsi hansı mexanizmlərlə tənzimlənir? Dünya təcrübəsinə diqqət yetirsək, görərik ki, xarici ölkələrdə partiyaların maliyyələşdirilməsinin müxtəlif variantları mövcuddur. Daha çox siyasi partiyaların seçkilərdə iştirakı və qazandığı səslərin miqdarı üzrədir. Dünya ölkələrinin əksəriyətində siyasi partiyaların fəaliyyəti seçki ilə əlaqələndirilir. Seçkidə iştirak etməyən siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilmir. Parlamentdə təmsil olunan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinin bir neçə məqsədə qulluq edəcəyini söyləyir. Onun sözlərinə görə, bu məsələdə Azərbaycan cəmiyyətində fikirlər var ki, siyasi partiyalar dövlət hakimiyyətində vacib institutlarından biri kimi mütləq maliyyələşməlidir: “Bu birinci növbədə partiyaların rolunun cəmiyyətdə qaldırılmasına xidmət edər, siyasi elitanın keyfiyyətçə yüksəlməsinə səbəb olar. Üçüncüsü isə partiyaların başqa qüvvələrdən asıllığını aradan qaldıra bilər”. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev partiyaların maliyyələşdirilməsini dövlətin təhlükəsizliyi ilə bağlayır. Onun sözlərinə görə, siyasi sistemin inkişafı dövlətin inkişafı kimi başa düşülməlidir: “Mən bir şey deyərdim ki, siyasi partiyaların maliyyə cəhətdən müstəqil olması, dövlət büdcəsindən asılı olması, ölkənin təhlükəsizlik məsələsidir. Çünki dövlətin bünövrəsi onun siyasi sistemindədir”. Dünya təcrübəsində siyasi partiyaların maliyyələşdirilməsinin iki növü var: birbaşa və bilavasitə. Birbaşa maliyyələşdirmə dövlət büdcəsinin əsasında yaradılmış xüsusi fonddan partiyaların hesabına pul vəsaitlərin ayrılmasıdır. Bilavasitə maliyyələşdirmə isə dövlət kütləvi informasiya vasitələrində pulsuz çıxışlar, partiya fraksiyalarına xüsusi binaların ayrılması, partiyaya aid mülkiyyətin vergilərdən azad olunması və digər üstünlüklərdir.