Hacıbəy HeydərliZiyalılar Forumunun üzvü, yazıçı, kinorejissor, kinodramaturq son zamanlar isə siyasətçi olmaq eşqinə düşən Rüstəm İbrahimbəyov “Azadlıq” qəzetinə müsahibə verib.
Son günlər müttəfiqlərin bolluca müsahibə verməsi, tədbirlər keçirməsi İbrahimbəyovu da hərəkətə gətirib və kinodramaturq danışmaq qərarına gəlib.Rejissor Milli Şuranın Rusiyanın layihəsi olması ilə bağlı suala belə cavab verib:“Biz dəfələrlə demişik ki, bu ittihamlar uydurmadır. Hakimiyyət qəsdən bu şayiələri buraxır. Bu, hakimiyyətin standart addımıdır. Bir müddət əvvəl hakimiyyət ABŞ-ın Azərbaycanda çevriliş hazırladığını bəyan edirdi.İndi də Rusiyanın çevriliş etmək istədiyini bəyan edir. Bundan əvvəl “Milyarderlər İttifaqının” da yaranmasında Rusiyanın əlinin olduğu və onların Azərbaycanda çevriliş hazırladığı bəyan olunurdu.Azərbaycanda hər dəfə demokratik hərəkat yarananda, onun yaranma səbəblərini xaricdə axtarmağa çalışırlar. Bu, bir təxribatdır. Hakimiyyət bunu bilərəkdən edir ki, lazım olanda müxalifət liderlərini çevrilişdə ittiham etsin”.Bu yerdə sual olunur ki, bəs Rüstəm İbrahimbəyov özü nəyə görə Rusiyaya sığınıb? Əgər doğurdan da Azərbaycan xalqını düşünürsə, Bakıda olmalıydı və bəh-bəhlə bəhs etdiyi “Milli Şura”nın təsis məclisində iştirak edərdi, daha “skype” ilə ora qoşulmazdı.Digər yandan isə Milli Şuranın Rusiya meylli olduğunu deyən hakimiyyətyönümlü mətbuat yox, elə Milli Şuranın təsisçilərindən olan İsa Qəmbərdir.Belə ki, Müsavat başqanı şuranın Rusiyaya yox, Avropaya inteqrasiya yolu götürməsi lazım olduğunu deyib və bu da Şuranın təsisini bir neçə saatlıq təxirə salıb. İbrahimbəyov bu sözü ilə həm də Müsavat başqanına ilişib. Daha sonra isə xaricdən gələn hansısa ultimatumdan sonra şura yarandı.Kinorejissor daha sonra müsahibədə radikallığını ortaya qoyub və bildirib ki, “əgər bəzi partiyalar Milli Şuranın əleyhinədirsə, deməli, onları demokratik qüvvə saymaq olmaz və onlar iqtidara işləyirlər”.Bu söz bir növ avtoritar cəmiyyətlərə məxsus olan “mənim kimi düşünməyən mənim düşmənimdir” sözünə bənzəyir və özünü demokrat adlandıran Rüstəm bəy də bunu açıq şəkildə dilə gətirir.Bu yerdə İbrahimbəyova sual olunur: Görəsən, digər partiyalar idarə heyəti, strukturu, konsepsiyası olmayan bir quruma nəyə görə üzv olmalıdırlar?Kim zəmanət verir ki, sabah onları da zərbə altında qoymayacaqsız.Rüstəm İbrahimbəyovun siyasi bilikləri az olduğundan bəlkə də xəbəri yoxdur ki, bu gün Milli Şuraya üzv olmayan digər partiyalarda illərdir iqtidara qarşı mübarizə aparır və heç kimin haqqı yoxdur ki, onları iqtidara işləməkdə suçlasın.Əgər rejissorun bununla bağlı əlində faktı varsa, buyursun, sənədli film çəksin və hər kəsə göstərsin.Rüstəm İbrahimbəyov müsahibədə daha sonra qeyd edir ki, “Mən xarici siyasəti bir o qədər də yaxşı bilmirəm. Amma ABŞ-da, Rusiyada, Avropada, İranda da Azərbaycan rejimi haqqında mənfi fikirlərin olduğunu açıq görmək olur”.İbrahimbəyov bu sözü ilə bir daha sübut edir ki, onun üçün ən əsas rəy xarici ölkələrdir. Əgər belə olmasaydı, xarici siyasəti yaxşı bilmədiyini deyən rejissor bu haqda ümumiyyətlə danışmazdı.Kinoda deyə bilmərik, ancaq siyasətdə bilmədiyi şeyi danışan insanların sonu heç də işıqlı olmur. Çünki siyasət savadsızları, düşünmədən qərar verənləri sevmir. Özü də Azərbaycanda Azərbaycan-ABŞ forumu, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, beynəlxalq tədbirlər, konfranslar keçirilən bir gündə bunu demək çox absurddur.Və müsahibənin sonunda Rüstəm İbrahimbəyov bir daha özünü ifşa edib.Jurnalistin “Rüstəm bəy, hazırda Azərbaycandan kənardasınız. Amma Milli Şurada da əsas fiqurlardan birisiniz. Ölkəyə qayıtmaq planlarınız varmı?” sualına rejissor olduqca gülünc cavab verib: - Mütləq qayıdacağam. Mən hazırda iki filmin üzərində işləyirəm. Bu filmlərlə bağlı Avropa və ABŞ-a getməliyəm. Bu, təxminən iyunun 20-nə qədər çəkə bilər. Sonra mütləq Bakıya qayıdacam”.Bu sözlər də bir daha onu göstərir ki, Rüstəm bəy siyasətlə yaxından, uzaqdan əlaqəsi olmayan insandır. Onu sadəcə bir vasitə kimi önə veriblər.Rejissor öz dili ilə deyir ki, məndən əl çəkin, qoyun gedim kinomu çəkim, pulumu qazanım, siyasət mənlik deyil.Müsahibənin əvvəlki suallarında namizədliklə bağlı suala da o belə cavab verib: Mən istəməzdim, namizəd olum. Namizədimi sonra açıqlayacam”.Bu bir növ sponsorun film çəkmək üçün rejissora verdiyi tapşırığa bənzəyir. Rüstəm bəyin də siyasətdəki havadarları hələ ki, onu konkret söz demir, gözləməyi məsləhət görür.Görünən odur ki, Rüstəm İbrahimbəyov iyun ayında da Bakıya dönməyəcək, yenə də Milli Şuranın tədbirlərinə “skype” vasitəsilə qoşulacaq.İnternetdən söz düşmüşkən onu da deyək ki, hazırda Facebook-da Milli Şuranın təsisçilərindən olan Eldar Namazov və Əli Kərimli “like” yarışmasına çıxıb.Pullu reklam səhifələrinə adam yığmağa çalışan siyasilərə xatırlatmaq lazımdır ki, Azərbaycan dövləti və hakimiyyəti sosial şəbəkələrlə, “skype”lə, “instagram”la qurulmayıb və bu vasitələrlə hakimiyyətə və dövlətə təzyiq etmək də mümkün deyil.