Siyavuş Novruzov: 'Rüstəm İbrahimbəyov Azərbaycan ziyalıları adından danışa bilməz'
Bütün Xəbərlər
15:02 05.12.2012
1444
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ziyalılar Forumu” və “Milyarderlər İttiafaqı” adı ilə tanınan amorf təşkilatlar barədə dedikləri tamamilə həqiqəti əks etdirir və onun fikirlərini tam dəstəkləyirik. Bunu Gün.Az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Siyavuş Novruzov Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin məlum açıqlaması ilə bağlı professor Cəmil Həsənli və yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun sərt tonda cavab reaksiyasına münasibətini bildirərkən dilə gətirib. Millət vəkilinin dediyinə görə, R.Mehdiyev haqlı olaraq bildirib ki, “Ziyalılar Forumu” adlanan bir təşkilatda cəmi 5-10 nəfər toplaşıb və onlar da ölkə, xalq mənafeləri naminə deyil, şəxsi maraq - mənafeləri naminə bir araya gəliblər: “Ramiz müəllimin də dediyi kimi, birinin deputatlıq arzusu baş tutmadığı, birinin güzəştli şərtlərlə biznes qurmaq planları alınmadığı, birinin torpaq alveri reallaşmadığı, birinin vəzifə gözləntisi özünü doğrultmağı üçün belə bir “qurum” yaranıb. Onlar öz şəxsi incikliklərinə və maraqlarına görə bir yerə yığışıblar. Ancaq onlar heç zaman Azərbaycan ziyalıları adından danışa bilməzlər. Bu gün Azərbaycanın əsil ziyalıları var və onlar yüzlərlə, minlərlədir. Onlar bu gün Azərbaycan dövləti, dövlətçiliyi və dövlət rəhbərliyi ətrafında sıx birləşiblər”. S.Novruzov qeyd edib ki, eyni zamanda, həmin “qurum”da olanlardan kimsə öz elmi əsərinə görə, elmlər doktoru, professor adını daşıyır, kimisi öz əsərinə, öz şəxsi yaradıcılığına görə, hansısa fəxri adı, titulu özündə gəzdirir: “Ancaq elmi ad, elmi dərəcə və ya hansısa fəxri adı daşımaq ziyalı olmaq demək deyil, ziyalılığın göstəricisi sayıla bilməz. Bu gün insanlar var ki, şairdirlər, yazıçıdırlar, elm, mədəniyyət, ədəbiyyat, incəsənət adamlarıdırlar, amma heç də yüksək elmi dərəcə və ya fəxri ad daşımırlar. Bununla belə, onlar xalq tərəfindən əsil ziyalı kimi qəbul olunurlar. Çünki ziyalı adını xalq verir, yoxsa, hansısa elmi və ya yaradıcılıq təşkilatı yox! Ona görə də əslində Cəmil Həsənli və onun kimiləri öz işləri ilə gedib məşğul olsalar yaxşıdır. Onların ziyalılar adından danışıb kimlərisə ittiham etmələrinə haqları yoxdur”. YAP-çı millət vəkili həmçinin bildirib ki, “Milyarderlər İttifaqı” adlanan qurumda birləşən insanların Azərbaycan xalqına və dövlətinə heç bir bağlılıqları yoxdur, R.Mehdiyevin həmin təşkilat barədə dedikləri tam həqiqətdir: “Biz dəfələrlə bu barədə öz mövqeyimizi bildirmişik və hesab etmişik, bu gün də hesab edirik ki, “Milyarderlər İttifaqı”nın Azərbaycan və azərbaycanlılarla yaxından-uzaqdan heç bir bağlılıqları yoxdur. Onlar öz biznesləri ilə məşğul olurlar və çox zaman da Rusiyada yaşayan həmvətənlətimizdən qul kimi istifadə, onların əməyini istismar edirlər. Mən özüm dəfələrlə Rusiyada olmuşam və görmüşəm ki, oradakı ən nümunəvi işçi qüvvəsi bütün cəhətlərinə görə elə bizim azərbaycanlılardır. Amma həmin milyarderlər onlara kömək etmək əvəzinə, öz bizneslərini, var-dövlətlərini artırmaq üçün onlardan qul kimi istifadə edirlər. İndiyə kimi bu adamlardan görmüsünüzmü ki, biri bir dəfə olsun belə, Qarabağ həqiqətləri ilə bağlı kitab dərc etdirib onu yaysın, yaxud, hansısa bir Azərbaycan ziyalısına, şəhid ailəsinə, müharibədə əlil düşən insanlarımıza qayğı göstərsin və ya heç olmasa, öz oxuduğu məktəbi təmir etdirsin?! Görə də bilməzsiniz! Çünki bunları nə Azərbaycan, nə Azərbaycan xalqı və dövləti, nə də onun problemləri maraqlandırır, onları maraqlandıran, bir araya gətirən yalnız və yalnız şəxsi, biznes maraqlarıdır. Ancaq kim olursa-olsun, heç nə edə bilməz, bu gün güclü Azərbaycan dövləti və onun güclü şəxsiyyət olan Prezidenti var.