Siyəzəndə yeni İlham və Fərizə dastanı

Siyəzəndə yeni İlham və Fərizə dastanı
Bütün Xəbərlər
11:13 20.09.2011
2938
Siyəzəndə ailə qurmağı planlaşdıran iki gənc sentyabrın 18-də intihar edib. Rəsmi məlumata görə, hadisə Zarat inzibati ərazi vahidliyinin Çandahar kəndində qeydə alınıb. 27 yaşlı Asif Feyzulla oğlu Quliyev və 23 yaşlı Vüsalə Əmirağa qızı Əmirova özlərini yaşadıqları mənzillərində asıblar. Öncə saat 05:40 radələrində Asif Quliyev intihar edib. Xəbəri eşidən Vüsalə Əmiraslanova da bu faciəyəyə dözməyib özünü asıb. 
Çandaharlılar şokdadır...
Bu gün acı xəbəri alan kimi intihar hadisəsinin  baş verdiyi  Çandahar kəndinə yollandıq. Bir gündə iki nişanlı gəncin intihar etdiyi bu kənd məsafə baxımından Siyəzən rayonun mərkəzindən xeyli uzaqda - Bakı-Xaçmaz yolunun üzərində yerləşir. Bələdçimizdən öyrənirik ki, Çandahar 15 evdən ibarət kiçik kənddir. Kənd sakinləri çörək pullarını   əsasən dənizdən çıxarırlar. 62 yaşlı kənd sakini Mahmud kişi deyir ki, Asif və Vüsalənin intiharı bütün kənd camaatını şoka salıb: “Bura kiçik kənddir və hamı bir-birini tanıyır. Hər iki gəncin çox sakit ailəsi var. Asifi dostlarından da soruşa bilərsiniz. Tərbiyəli uşaq idi. O, qızı sevirdi. Təxminən bir il yarım bundan qabaq nişanları olub. Bunlarınkı ikinci İlham və Fərizə dastanıdır”. 
Atasının ilinin çıxmasını gözləyən Asif toy edəcəkmiş
Əvvəlcə Vüsaləgilin evinə baş çəkirik. Biz ora çatanda yas çadırını təzəcə qururdular. Ailə üzvlərinə baş sağlığı verib, nişanlısı ilə birgə intihar yolunu seçən gəncin yaxınları ilə söhbətləşirik. Vüsalənin dayısı oğlu deyir ki, Asif və Vüsalənin yanvar ayında toyları olacaqmış: “Hər iki gəncin atası rəhmətə gedib. Asif onların ilinin çıxmasının gözləyirdi. Tez-tez toy haqda söhbət açırdı. Düzdür söz-söhbət gəzir ki, Asif  guya atasının yoxluğundan depresiyya düşüb intihar edib. Amma, mən bu fikirlərlə qətiyyən razılaşmıram. Çünki atasının ilinin çıxmasına az qalmışdı. Birdəki,  Asifgilin ailəsinin dolanışığı da yaxşıdır. O, hər hansı maddi sıxıntıdan  bu yola əl ata bilməzdi. Kənddəki əksər cavanlar kimi o da balıqçılıqla ailəsini dolandırırdı. İndidən toya görə tədarük də görmüşdü. Birdən-birə niyə bu hərəkəti elədilər, anlamadıq. Hamımız şokdayıq, əlimiz-ayağımız quruyub”.
Müəmmalı telefon zəngi və iki intihar
O gecə olanları Vüsalənin anası Yaqut xanım bizə danışır. Onun dediyinə görə, hadisədən bir neçə gün əvvəl Asif Vüsalə ilə mütəmadi əlaqə saxlamaq üçün ona telefon alıb: “Vüsalə dedi ki, ana Asif mənə telefon hədiyyə edib. Nömrəsi yox idi. Dedi öz nömərsini verəcək, hələlik işlədəcəm. Asif özünü gecə saat 4 radələrində asıb. Vüsaləyə kim xəbər verib hələ də bilmirik. Gecə durub gedib Asifin özünü asdığı ipi kəsərək qonşuları köməyə çağırıb. Vüsalənin harayına mən də qaçdım. Asif yerə uzatmışdılar. Nə qədər çalışdıq onu həyata qaytara bilmədik. Artıq iş-işdən keçmişdi. Elə hər şey bundan sonra oldu”.
Hönkürtü ilə ağlayaraq, güclə danışan Yaqut xanım deyir ki, qızı evə tərəf qaçıb: “Dedim hara gedirsən? Dedi gəlirəm. Bir müddət keçdi gəlmədi. Özüm də narahat olmağa başladım. Evə getdim gördüm yoxdur. Həyəti gəzdim tapa bilmədim. Damın arxasına keçəndə Vüsalənin boğazında ip borudan sallandığını gördüm. Bərkdən  qışqırdım. Qonşular gəldi. İpi kəsib, yerə uzatdılar. Daha gec idi, qızım çoxdan dünyasının dəyişmişdi”.
Vüsalənin özünü asdığı yerə baş çəkirik. Tövlənin arxasında ayağının altına qoyduğu çəllək və boğazından asdığı ip hələ də orda idi. 
Məzarlıqda qovuşan gənclər
Vüsalə və Asif hadisə günü günorta evlərinin yaxınlığındakı kənd qəbiristanlığında yanaşı dəfn olunublar. Gənclərin intiharı barədə daha bir versiyanı isə məzarlıqda olarkən eşitdik. Deyilənlərə görə o gecə Asiflə Vüsalə arasında yüngülcə söz-söhbət olub. Asif bir neçə dəfə nişanlısına zəng vuraraq intihar edəcəyini söyləyib. Vüsalə isə onun dediklərini  ciddiyə almayıb. Sonuncu dəfə Asif qıza zəng vuraraq, “özümü asıram, tez yetiş”, - deyib. Vüsalə artıq məsələnin ciddi olduğunu anılayıb və....
Sonda onu da qeyd edək ki, mərhum Asif Quliyevin ailəsi ilə də danışmaq, hadisəni onların dilindən eşitmək istədik. Amma, nədənsə mərhumun ailəsi bizim bu niyyətimizi aqressiv qarşılayaraq, bu barədə hər hansı açıqlama verməyə razılaşmadılar.
Fərahim İLQAROĞLU, Yeni Müsavat qəzeti
OXŞAR XƏBƏRLƏR