Sloveniyanın baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiyalar naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
AZXEBER.COM-un məlumatına görə, Azərbaycanda səfərdə olan Sloveniyanın baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiyalar naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanına gələn sloveniyalı qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.



