"Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir"

"Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir"
SİYASƏT
11:55 30.11.2021
385
Noyabrın 26-da Rusiyanın Soçi şəhərində möhtərəm Prezidentimiz cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutmuş üçtərəfli görüşdə bir sıra mühüm məqamlar müzakirə olunmuşdur.

44 günlük Vətən Müharibəsindən sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyev Zəngəzur dəhlizinin açılacağını bildirmişdi. Bəzi dövlətlər, eləcə də Ermənistan bunu sadəcə dildə deyilən söz kimi qəbul etsə də, artıq reallıq Zəngəzur dəhlizinin yaxın vaxtlarda açılacağını göstərir.

Soçi görüşü zamanı Ermənistanın diplomatik cəhətdən də məğlub olması göz önündə idi. Hətta Rusiya mətbuatında, eləcə də xarici mətbuatda gedən yazılarda da Azərbaycan prezidenti İlham Əliyevin Soçi görüşü zamanı əldə etdiyi növbəti uğuru, Ermənistanın isə xülyalarının yenidən iflasa uğraması açıq-aydın müşahidə edilir

Dövlət başçısı dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə də güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb və Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Rusiya Federasiyası Prezidenti V.Putinin çıxışında "nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənədin "dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri Zəngəzur dəhlizindən xəbər verir.

Regionda sülh və sabitliyin qarantına çevrilən Azərbaycan məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı diplomatik məharəti ilə bir-birinin ardınca uğur qazanmaqdadır. Bağlı qapılar arxasında aparılan danışıqlardan sonra mina problemi və ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi "mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq.

Qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsində böyük rol oynayacaqdır. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Bəli, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaqdır. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaqdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin işğaldan azad edilən ərazilərə səfərləri bu yerlərin həyatında yeni dövrün başlandığından xəbər verir. Bu gün Ermənistanın işğal dövründə dağıtdığı, talan etdiyi şəhər və rayonlarımız dövlət başçısının xüsusi nəzarəti ilə kompleks şəkildə bərpa olunur, yenidən qurulur. Əminik ki, dövlət başçısının rəhbərliyi ilə qısa bir zamanda Zəngilanın Ağalı kəndi də yeni görkəmdə bütün dünyaya təqdim olunacaqdır.

Cənab İlham Əliyevin çıxışında vurğulanan bütün məqamlardan Azərbaycan–Rusiya əlaqələrinin möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı aydın görünür.

Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir. Şübhəsiz ki, hər iki ölkə rəhbərinin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir, iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır.

Soçi görüşünün ən mühüm məqamlarından biri də üçtərəfli bəyanatın qəbul edilməsidir. Azərbaycanın mövqeyini tam şəkildə özündə əks etdirən bəyanatda Qarabağ ifadəsinin işlədilməməsi bir daha status məsələsinin artıq tarixə qovuşduğunu sübut edir. Sənəddə əsas mövzulardan biri sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır.

Azərbaycan ona qucaq açan, onunla bərabərhüquqlu tərəfdaş kimi davranan hər bir dövlətlə ikitərəfli münasibətlərə, əməkdaşlıq əlaqələrinə daim böyük önəm verib və bu gün də əməli addımları ilə bu kursuna sadiqdir. Azərbaycan Rusiya ilə də hər zaman

sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə sadiqliyini nümayiş etdirib. Təsadüfi deyil ki, Azərbaycan və Rusiya liderlərinin Soçi görüşündə də vurğulandığı kimi, Rusiyanın 900 müəssisəsi Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard dollar birbaşa investisiya qoyulub. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri olaraq qalır. Humanitar əlaqələr də məhz bu fonda davam edir. O cümlədən Azərbaycanda rus dilinin inkişafına, dəstəklənməsinə böyük önəm verilir. Ölkəmizdə təxminən 340 məktəbdə rus dili tədris edilir. Azərbaycan məktəblilərinin 34 faizi bu və ya digər şəkildə rus dilində oxuyur və bu dili öyrənirlər. Bu, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlığına nə dərəcədə sadiq olmasının əyani təcəssümüdür.

İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan qalib dövlət kimi daha da inkişaf edəcəkdir. Yaşasın Azərbaycan Xalqı!

Naftalan şəhər sakini Şahin Rüstəmov
OXŞAR XƏBƏRLƏR