Bu günlərdə Prezident İlham Əliyev Lənkəranda Gənclər Evinin açılış mərasimində iştirak edib.
Yeni mərkəzdə dövlət başçısı cənub bölgəsinin ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplamış gəncləri ilə görüşüb.Görüş iştirakçılarından biri – 18 yaşlı Sona Əsgərova üçün bu, inanılmaz bir imkan olub. Cəlilabad rayon sakini Sona Əsgərova bu il məzun olub və qəbul imtahanlarında yüksək bal toplayaraq ATU-nun müalicə işi fakültəsində oxumaq haqqını qazanıb. Həmsöhbətim əmindir ki, dövlət başçısı ilə görüş onun yeni tələbə həyatının uğur başlanğıcı sayıla bilər:AZXEBER.COM Sona Əsgərovanın “New Baku Post” qəzetinə müsahibəsini təqdim edir: – Prezident İlham Əliyevlə cənub bölgəsindən olan gənclərin görüşünün təşkili haqqında xəbərim yox idi. Olsaydı belə, ağlıma gəlməzdi ki, özüm də o gənclərin arasına düşə bilərəm. Dəvəti alanda, çox sevindim. Axı, hər kəsə dövlət başçısı ilə bu cür üzbəüz görüşmək, ürək sözünü söyləmək nəsib olmur. Cəlilabad rayonundan 650-dən yuxarı bal toplayan 5 nəfər var və onların hamısı görüşə çağırılmışdı.– Özünüzün də dediyiniz kimi, bu yaşda gənclər üçün Prezidentlə başbaşa oturub müzakirə aparmaq gözlənilməz bir hadisədir. Bu görüşdə hansı məqamlar sizin üçün daha çox yaddaqalan oldu?– Onu deyim ki, görüş çox səmimi ab-havada keçdi. Əvvəlcə çox həyəcanlı idim, elə bilirdim heç danışa bilməyəcəyəm. Amma səmimi şərait məni də sakitləşdirdi. Məni ən çox təsirləndirən məqam dövlət başçısının şəxsən bizə təşəkkür etməsi oldu. Cənab Prezident yüksək bal topladığımıza görə təbriklərini çatdırandan sonra bildirdi ki, məktəbdə yaxşı oxuduğumuza görə bizə minnətdardır. Bu, hər birimizdə çox gözəl hisslər yaratdı. Sanki neçə illərdir çəkdiyimiz əziyyətə yüksək səviyyədə dəyər verildi. Dövlət başçısı ali məktəbdə də bu uğurumuzu davam etdirməyi, əlaçı olmağı, peşəkar kadr kimi yetişməyi məsləhət gördü.Prezidentlə söhbətin digər yadda qalan məqamı onun müstəqilliklə bağlı dedikləri idi. Bizə övladları kimi yanaşdı, həmin illərdə baş verənlərdən, mövcud olan məhdudiyyətlərdən, ideoloji çərçivələrdən danışdı. Sizə deyim ki, aramızda bu cür söhbətləri ilk dəfə eşidənlər də var idi. Axı, biz o illəri görməmişik, xatırlaya bilmirik, ancaq böyüklərdən eşitdiklərimizi bilirik. Dövlət başçısı müstəqilliyimizin ilk illərinin Azərbaycan üçün necə ağır olduğundan danışdı, öz şəxsi xatirələrini açıqladı. Torpaqların hansı şəraitdə işğal olunduğunu, həmin dövrdəki ağır siyasi situasiyadan bəhs etdi. Sonda dedi ki, gənc nəslin müstəqillik ruhunda böyüyüb tərbiyə almasını arzulayır.– Prezidentin gəncliyə hansı mesajları oldu? Dövlət başçısının sizlərdən hansı gözləntiləri olduğunu aşkarladınızmı?– Söhbət boyunca hiss olunurdu ki, Prezident bizim hər birimizə ümid bəsləyir, gələcəkdə mütəxəssis kimi öz ölkəmizə fayda gətirməyi gözləyir. Həm də bildirdi ki, bunun üçün Azərbaycanda hər cür şərait yaradılıb, gənclərin özünütəsdiqi üçün dövlət səviyyəsində zəruri addımlar atılıb və bundan sonra da dövlət istedadlı gənclərə öz dəstəyini, diqqətini əsirgəməyəcək. Azərbaycanda dinamik və dayanıqlı inkişafı təmin etmək üçün gələcəkdə biz gənclərin öz sözünü deməsinə ehtiyac var.Mənim özümə aldığım digər mesaj vətənpərvərliklə bağlıdır. Dövlət başçısı vurğuladı qloballaşmanın həm müsbət, həm də mənfi tərəfləri var. Mənfi təsirdən özümüzü sığortalamağın yeganə yolu isə gənclərin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Prezident vurğuladı ki, gərək gənclər öz Vətəninə bağlı olsun, torpağı sevsin və dövlət müstəqilliyini hər şeydən üstün tutsun. Dövlət başçısı açıq qeyd etdi ki, Azərbaycan heç vaxt indiki qədər azad, müstəqil və güclü olmayıb. Və gənclər bu dəyəri qorumalıdır ki, daha heç vaxt Azərbaycan kənar təsir altına düşməsin.Ümumiyyətlə, görüşdə Prezidentin gələcəyə yönəlik fikirləri də səslənmişdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın gələcək inkişafı məhz bu günümüzdə müəyyən edilir. İqtisadi islahatlar, sosial sahədə aparılan işlər, hərbi gücümüzün artırılması, energetika və s. görülən işlər neçə illər bundan sonra da ölkəmizin gücünü təmin edəcək.– Görüşdə tələbələr hansı məsələlərdən söz açdılar? Məsələn, sən özün nə ilə bağlı sual verdin?– Ümumiyyətlə, görüş zamanı dövlət başçısı bir çox məsələlərdən danışdı, gəncləri narahat edən sosial problemlərdən söz açdı. Onun özü qeyd etdi ki, gənclərin mənzil alması ilə bağlı işlər görülür, ipoteka kreditləşməsi tətbiq olunur. Amma daha çox gəncin ipoteka ala bilməsi üçün hazırda Gənclər və İdman Nazirliyi tərəfindən təkliflər hazırlanır. Biz də öz növbəmizdə müxtəlif məsələlər haqqında arzularımızı çatdırdıq. Mən tək rayon mərkəzlərində deyil, kənd yerlərində də gənclər üçün xüsusi mərkəzlərin açılması, həmçinin universitetlərin yanında tələbə şəhərciklərinin salınması haqda arzularımı səsləndirdim.Görüşdə iştirak edən digər gənclər fərqli məsələlərdən danışdı. Məsələn, tələbə kartının səlahiyyətlərinin genişləndirilməsi, xaricdə təhsil üzrə dövlət proqramının davam etdirilməsi, beynəlxalq olimpiadaların qaliblərinin imtahansız universitetə qəbulu və digər məsələlər haqda təkliflər səsləndi. Dövlət başçısı təkliflərin hamısını diqqətlə dinlədi, bəziləri ilə bağlı göstəriş verdi. Qeyd etdi ki, Beynəlxalq olimpiadalarda yüksək nailiyyət göstərmiş gənclər üçün müəyyən imtiyazlar olmalıdır. Həmçinin, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin xarici ölkələrin universitetlərini də seçim imkanı haqda təklifi maraqla qarşıladı.– Özünün gələcək planların barədə nə deyə bilərsən?– Ən əsası peşəkar həkim olmaq, insanların sağlamlığının keşiyində durmaq. Gələcəkdə xarici ölkələrdən birində magistratura təhsili almağı da planlaşdırıram. Bir məsələni də qeyd edim ki, bu görüşdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, bölgələr üzrə icra hakimiyyəti təmsilçiləri də iştirak edirdi. Arzu edərdim ki, yalnız Prezidentin təşəbbüsü ilə deyil, ümumiyyətlə, mütəmadi olaraq bölgələr üzrə belə görüşlər tez-tez təşkil olunsun, gənclərin öz fikirlərini bölüşdürməsinə imkan yaradılsın.