‘Soruşmaq olarmı, siz məndən niyə müsahibə alırsınız?’ - MÜSAHİBƏ

‘Soruşmaq olarmı, siz məndən niyə müsahibə alırsınız?’ - MÜSAHİBƏ
MEDİA
12:09 03.02.2012
4315

AZXEBER.COM-un məlumatına görə, kulis.az-ın “Köhnə tüfəng” layihəsinin bu dəfəki qonağı bir vaxtların tanınmış telejurnalisti, indi isə mediadan uzaq düşmüş İlhamiyyə Rzayeva olub.

AZXEBER.COM portalı həmin müsahibəni təqdim edir...

- Jurnalistikaya gəlişiniz necə baş vermişdi? - Bu barədə çox danışmışam. Universitetin filologiya fakültəsində təhsil alanda artıq bilirdim ki, Azərbaycan dili və ədəbiyyatı müəllimi olmayacağam. Sonuncu kursda olanda isə “Molodyej Azerbaydjana” qəzetində çap olunurdum. Universiteti bitirən kimi də jurnalist fəaliyyətinə başladım. Onu dəqiq deyə bilərəm ki, düşünülmüş və səmimi bir addım idi. Adətən, bu barədə suallara cavab verərkən, mənə bu istiqaməti göstərən, dəstək olan insanlara təşəkkür edirəm. Yenə bunu etmək istəsəm də ilk dəfədir ki, tərəddüd etdim... İndi fikirləşirəm ki, yolum başqa səmtə düşsəydi, özümə başqa bir sənət seçsəydim, karyeramın zirvəsində ola bilərdim, bu gün tam fərqli bir sahədə yenidən karyera qurmaq zorunda qalmazdım... Amma o da var ki, belə gözlənilməz döngələr həyatı daha da maraqlı edir. Hər halda, qərarlarımın yeganə müəllifi özüməm, ona görə də qınayacaq başqa birisi yoxdur və jurnalistikanı seçdiyim üçün təəssüflənmirəm. Sadəcə, seçimimin yanlış olub-olmadığı barədə düşünürəm... - Qəzetçilikdən televiziyaya keçid nə vaxt və necə baş tutdu? - Əslində, əksinə olub. Yəni televiziyadan qəzetçiliyə. Doğrudur, fəaliyyətimə qəzetdən başlasam da bu, çox qısa bir müddət oldu və deməzdim ki qəzetçi olaraq özümü orda təsdiqləmək fürsətim yarandı. Üçcə yazım çıxdı “Molodyej Azerbaydjana” qəzetində. Vəssalam. Amma TV -də özümü müəyyən qədər təsdiq etdikdən sonra ara-sıra qəzetlərdə də yazmaq ehtiyacı hiss edirdim və paralel olaraq müxtəlif qəzetlərdə çap olunurdum. Etiraf edim ki, bunu daha ciddi iş hesab edirəm. Çünki, qələm və kağızla təkbətək qalıb yalnız öz təfəkkürünə güvənərək yazının məqsədinə nail olmaq, heç kimin, heç nəyin - nə kameranın, nə mikrofonun köməyindən bəhrələnmədən öz işini keyfiyyətlə yerinə yetirmək hissi ayrıca bir zövq verir. Doğrudur, bunun əks tərəfi də var ki, sən öz yararsızlığını, istedadsızlığını da asanlıqla faş edə bilərsən. Təəssüf ki, bir çoxları bu təhlükənin fərqinə varmadan, palaz palaz yazılar yazıb, üstündə qurşaqdan yuxarı şəkillərini qoymaqla ertəsi gün bayır- bacada tanınacaqlarını düşünürlər. Bu halda, bəlkə , doğurdan da tanınacaqlar, amma keyfiyyətli yazar deyil, boşboğaz bir cızma-qaraçı kimi. Eynilə televiziya işində də belədir... Yenə də, Poznerin məşhur deyimi yadıma düşdü :”Əgər atın arxasını gün ərzində dəfələrlə efirdə göstərsələr, o ertəsi gün çox populyar olacaq...” ...Ən ciddi və davamlı qəzetçilik fəaliyyətim “Gündəlik Azərbaycan” qəzetində “Gecə kanalı”nın qəzet versiyasını hazırladığım zaman olub. - Aparıcısı olduğunuz "Milyonçu" şousu böyük marağa səbəb olmuşdu. Ancaq sonradan bu verilişdən ya uzaqlaşdınız, ya da uzaqlaşdırıldınız. O zaman nə baş vermişdi? - Deməli belə, mən “Milyonçu”nu 3 ay apardım, sonra getdim. Danışdığımız iş şərtlərinə əməl edilmədiyi üçün, həm də iş mühiti məni qane etmədiyi üçün getmək qərarını verdim. Bu barədə də dəfələrlə demişəm, müsahibələr zamanı. Ümumiyyətlə, həmin layihə mənlik deyildi. Mən jurnalistəm, insanlarla oynamağı deyil, işləməyi sevirəm. Amma bununla yanaşı, məncə “Milyonçu”nu yaxşı aparırdım. Getməyimə isə heç vaxt təəssüflənməmişəm. Çünki daha yaxşı yerə, daha yaxşı layihəyə və daha maraqlı bir fəaliyyətə dəyişmişəm o yeri... - Yəqin ki, “Space”dən gələn təklifi nəzərdə tutursunuz? - Bəli. Amma təklifi özüm etmişdim. Məmnuniyyətlə qarşıladılar və işə başladıq. Mən bu layihə üzərində işlədiyim vaxt hələ digər kanalda “Milyonçu”unun çəkilişləri yayımlanırdı. Heç kim ordan getdiyimi bilmirdi. Mən ümumiyyətlə, öz gəlişimdən və gedişimdən PR məqsədilə istifadə etməyi sevmirəm. Lakin sonadək susmaq alınmadı, qarşı tərəfin gerçəkliyə uyğun gəlməyən versiyaları mətbuatda gedincə , mən də o vaxtadək imtina etdiyim müsahibələrə start verdim. O zaman bu çox hallandı... - “Space”- dəki "Gecə kanalı" da sevimli verilişlərdən idi. Amma bu veriliş gözlənilməz şəkildə dayandı. Səbəb nə idi? - Səbəb o idi ki, “Space”də rəhbərlik dəyişdikdən sonra yeni qaydalar qoyuldu. Söhbət təbii ki, inzibati qaydalardan getmir. Yaradıcılığa aid qaydaları deyirəm. Təsəvvür edin ki, ömrü boyu ciddi nəsr yazan bir yazara nəşriyyat gəlib deyir ki, bu gündən yumoreskalar yazmalısan, yoxsa çap etməyəcəyik səni. Yazıçı da həmin nəşriyyatı tərk edir. Bu halda , demək olar ki, nəşriyyat özü həmin yazıçıdan imtina etdi, eyni zamanda, elə yazıçı da belə nəşriyyatla işləmək istəmədi. Biz uzun müddət televiziyalarda baş verənlərə hiddətlənib aparıcıları, orda müzakirə edilən mövzuları, bayağılığı, zövqsüzlüyü, hətta mənəviyyatsızlığı tənqid edə bilərik. Amma, orda tənqid ediləcək yeganə bir şey varsa o da, düzgün olmayan idarəedicilikdir. - Bəs jurnalistikadan niyə getdiniz? - Soruşmaq olarmı, siz məndən niyə müsahibə alırsınız? Yəqin ki, jurnalist olduğuma görə. Yəni insan başqa sahədə çalışa bilər, amma öz məsləyinə sadiq qalıbsa, o, məhz elə o məsləyin adamıdır. Mən onlarla “jurnalist” tanıyıram ki, oturublar KİV -lərdə, amma tam başqa işlərlə məşğuldurlar və öz peşə dəyərlərini satmaqla mənfəət əldə edirlər. Amma siz onları jurnalistikada hesab edirsiniz. Mən hazırda fəal jurnalistikada olmasam da, istər təlimçiliyimlə, istərsə də medianın fəaliyyəti ilə bağlı məruzə və rəylərimlə bu gün də müstəqil media eksperti olaraq öz məsləyimə xidmətdəyəm. - Yeri gəlmişkən, o vaxtkı Azərbaycan kanalları ilə indiki vəziyyət arasında hansı fərqlər var? - Məncə, fərq çox böyükdür. Başlayaq ən axırıncıdan ki, o vaxt TV-lərin auditoriyası geniş idi, indi ancaq kabel televiziyası və çanaq antennası olmayan, həmçinin internetdən kənar olan adamların yalnız bir qısmi izləyir onları. Bu acınacaqlı nəticəyə gətirən səbəbləri isə özünüz də bilirsiniz - “Mən onlarla “jurnalist” tanıyıram ki, oturublar KİV -lərdə, amma tam başqa işlərlə məşğuldurlar” deyirsiniz. Konkret olaraq kimləri nəzərdə tutursunuz? - Ad çəkməyəcəyəm. Çünki ad önəmli deyil. Önəmli olan onların yanaşmasıdır. Yanaşmadan tanımaq olar bu tipləri. Mən bu barədə vaxtilə ayrıca məqalə də yazmışam və fikirlərimi bölüşmüşəm. İndi ad çəksəm, bunun ətrafında şou yaradacaqsınız. Mən şoumen deyiləm... - “Space” ilə məhkəmə çəkişməsi nə yerdə qaldı? - Hələ ki, orda nə zamansa işlədiyimə onlardan və onlara haqq qazandıran hakimlərdən başqa hamı inanır. Davamını isə vəkillərimdən sormalı... - “Space” ilə məhkəmə çəkişməsi haqqında suallara ya həvəssiz cavab verir, ya da ümumiyyətlə, cavab vermirsiniz. Bunun xüsusi bir səbəbi varmı? -Məsələ burasındadır ki, mən bu məhkəməni piar məqsədilə istifadə etmək istəmirəm. Və ümumiyyətlə, bir müddət mətbuatda bu barədə heç bir məlumat da getmədi. Yalnız bir mərhələ keçdikdən sonra informasiya sızdı. O da başqa mənbədən, yəni mən bunu paylaşmamışdım. - Hansı telekanallara baxırsız, hansı saytları, qəzetləri izləyirsiniz? - Baxdığım yeganə kanal “Evronyus”dur. Saytları, qəzetləri isə ancaq müəllif yazılarına görə oxuyuram. Müəlliflərsiz saytın, qəzetin heç bir əhəmiyyəti yoxdur mənim üçün. Mən əminəm ki, istər televiziya kanallarını, istərsə də sayt və qəzetləri baxımlı, yaxud oxunaqlı edən məhz müəlliflərdir. Və müəllif hara getsə, öz oxucu və tamaşaçısını özü ilə aparır. - Müəlliflərdən danışdınız. Diqqətinizi çəkən 5 imzanın adını çəkin, lütfən. - Mətbuatı ancaq internetdən izləyirəm. Sosial şəbəkələr də mətbuat sayılırsa, o zaman məhz orda məşhur olan müəllifləri oxuyuram. Natiq Cəfərlinin postlarını, Anar Qasımlının dekonstruktiv hekayələrini oxuyuram. İntiqam Əliyev, Ənnağı Hacıbəyli kimi tanınmış insanların bütün yazılarını məmnuniyyətlə oxuyuram. Onların istənilən məsələyə münasibəti maraqlıdır, mövzudan asılı olmayaraq. Ümumiyyətlə, bir məsələ diqqətimi cəlb edib ki, hüquq adamları bir çox jurnalistlərdən gözəl yazır. Əvvəla, onlar ancaq deməyə sözləri olanda yazırlar, yazmaq xatirinə deyil. İkincisi də, o qədər zövqlə və deyərdim, yazıçı qələmi ilə yazmağı bacarırlar ki, bəzən düşünürəm, Allah onları daha çox jurnalistika üçün , yaxud yazıçılıq üçün yaradıb. Həmkarlarımdan Aynur Elgünəş və Sevinc Telmanqızının bir yazısını da buraxmıram. İradə Tuncayın fikirləri də mənə hər zaman maraqlıdır. - Maraqlıdır... Həyatda dost olduğunuz xanımların adını çəkdiniz deyəsən. - Bəli, kiçik istisnalarla, adlarını çəkdiyim insanları dost və həmfikir adlandıra bilərəm. Amma onlarla dost olmağımın səbəbi də elə peşə fəaliyyətləri, peşəkarlıqlarıdır. Yalnız bundan sonra yaxınlaşıb bir - birimizin insani keyfiyyətlərimizi dəyərləndirərək dost olmağı bacarmışıq. Yoxsa onlarla nə qohumluq, nə qonşuluq əlaqələrim yoxdur. Heç yerlim də deyillər. (gülür-red.) Odur ki, tam obyektiv fikrimdir. Həm də mənim lap gözümün nuru olsun, məsələn, Həmid, əgər yazısını, qələmini, fikirlərini bəyənməsəm, üstümə ilan da salsanız, oxuya bilmərəm. - Söhbətimizin əvvəlində “İndi fikirləşirəm ki, yolum başqa səmtə düşsəydi, özümə başqa bir sənət seçsəydim, karyeramın zirvəsində ola bilərdim” söyləmişdiniz. Başqa səmt hara ola bilərdi sizcə? - İnsanlara fayda verəcək istənilən sahə. Məsələn, məndən yaxşı həkim ola bilərdi, çünki insanlara canım yanır. Onlara kömək etmək istəyi təbiətimdə var. Məncə, həkim olmaq üçün bu, əsasdır və bir də əlbəttə ki, yaxşı təhsil lazımdır. Yəni məsələn, həkim olsaydım, istənilən klinikadan getməyim mənim karyerama nöqtə qoya bilməzdi. Amma televiziya jurnalisti efirdən kənarda necə televiziyaçı ola bilər ki? Qayıdıram sizin bayaqkı sualınıza. Mən jurnalistikadan deyil, televiziyadan getmişəm. Bunlar fərqli şeylərdir. Sonda personama diqqət yetirdiyiniz üçün minnətdarlığımı bildirirəm.

OXŞAR XƏBƏRLƏR