“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasda daha bir Gənclər Evi açılır

GƏNCLİK
21:09 20.10.2011
2918

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası öz himayəsində olan yeniyetmələri yenicə istifadəyə verilmiş daha bir Gənclər Evinə yola salır

Oktyabrın23-də Bakı SOS Uşaq Kəndində boya-başa çatmış 19 nəfər gənc yeni ünvana köçərək Bakı SOS Uşaq Kəndini tərk edəcəklər. AZXEBER.COMun məlumatına görə, bu, artıq 2 -ci Gənclər Evidir ki, SOS yetirmələrinin istifadəsinə verilir. Xatırladaq ki, SOS-un ilk Gənclər evi keçən ilin iyun ayında açılmışdı. Üstündən bir ilə qədər müddət keçdikdən sonra isə, qızların ardınca, oglanlar da yeni məkana köçürlər.

Gənclər Evi SOS Uşaq Kəndlərində tərbiyə almış 14 yaşdan yuxarı, sosial baxımdan yetkin və orta təhsilini başa vurmuş 20 nəfər gənc üçün nəzərdə tutulub. Burda olduqları müddətdə gənclər öz maraqlarına uyğun, əmək bazarında rəqabətədavamlı olmaq üçün zəruri olan ixtisasartırma kurslarına yönəldiləcəklər. Müxtəlif təlim və seminarlarda iştirak etmiş gənclərin sənətə, peşəyə və ya hər hansı bir ixtisasa yiyələnməsi, əmək fəaliyyətinə başlaması və ilkin gəlir əldə etməsi üçün şərait yaratmaq Gənclər Evi layihəsinin əsas hədəfidir. Təhsillə yanaşı, gənclərə mənəvi, psixoloji, hüquqi, tibbi dəstək də göstəriləcək, asudə vaxtı səmərəli təşkilietmə bacarıqları və ilkin həyat səriştələri də aşılanacaq.

İkinci Gənclər Evi Azərbaycan Dövlətinin və Beynəlxalq SOS Kinderdorf Fondunun birbaşa maliyyə dəstəyi, həmçinin yerli Mobitel Nokia və McDonalds şirkətlərinin dəstəyi sayəsində ərsəyə gəlmişdir. Yerli Mobitel Nokia və McDonalds şirkətləri Gənclər Evinin avadanlıq, mebel, məişət əşyaları ilə təmin edilməsini, həmçinin işıqlandırma sisteminin qurulmasını da öz üzərlərinə götürərək uğurla həyata keçirmişlər.

OXŞAR XƏBƏRLƏR