Sosial şəbəkələrdə ən fəal nazirliklər məlum oldu - Onları nə qədər insan izləyir? - ARAŞDIRMA

Sosial şəbəkələrdə ən fəal nazirliklər məlum oldu - Onları nə qədər insan izləyir? - ARAŞDIRMA
SOSİAL
14:57 23.07.2026
199
Rəqəmsal dövrdə sosial şəbəkələr dövlət qurumlarının vətəndaşlarla ünsiyyət qurduğu əsas kommunikasiya vasitələrindən birinə çevrilib.

Bu gün nazirliklərin fəaliyyəti təkcə gördüyü işlərlə deyil, həmin fəaliyyətin ictimaiyyətə necə çatdırılması ilə də qiymətləndirilir.

AZXEBER.COM Azərbaycanın 17 nazirliyinin rəsmi "Instagram" və "Facebook" hesablarını təhlil edərək izləyici sayı, ümumi paylaşım sayı və son paylaşım tarixlərini araşdırıb.

Araşdırmaya əsasən, "Instagram" platformasında ən çox izləyiciyə malik nazirlik Daxili İşlər Nazirliyidir. Nazirliyin rəsmi hesabını 383 min istifadəçi izləyir. 

İkinci yerdə Elm və Təhsil Nazirliyi (173 min), üçüncü yerdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (135 min) qərarlaşıb. İlk beşliyi Müdafiə Nazirliyi (125 min), Səhiyyə Nazirliyi (68,2 min) və Fövqəladə Hallar Nazirliyi (67,9 min) tamamlayır.

"Facebook" platformasında isə ən çox izləyiciyə malik qurum Müdafiə Nazirliyidir

Nazirliyin rəsmi səhifəsini 302 min 871 nəfər izləyir. İkinci sırada Elm və Təhsil Nazirliyi (250 min 74), üçüncü sırada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (163 min 486) yer alır. İlk beşliyə Daxili İşlər Nazirliyi (108 min 160) və Mədəniyyət Nazirliyi (73 min 973) daxildir.

Ümumi paylaşım sayına görə "Facebook" platformasında lider Elm və Təhsil Nazirliyidir. Nazirliyin səhifəsində 24 min 315 paylaşım yer alıb. Sonrakı sıralarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (21 min 210), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (17 min 265), Müdafiə Nazirliyi (16 min 777) və Gənclər və İdman Nazirliyi (14 min 478) qərarlaşıb.

"Instagram" platformasında isə ən çox paylaşım edən nazirlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirliyin hesabında 12 min 100 paylaşım mövcuddur. Daha sonra Gənclər və İdman Nazirliyi (11 min 100), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (9 min 177), Müdafiə Nazirliyi (8 min 486) və Mədəniyyət Nazirliyi (8 min 355) gəlir.

Araşdırma zamanı məlum olub ki, 17 nazirlikdən 76,5 faizi sosial şəbəkələrdə gündəlik aktivdir. Nazirliklərin böyük hissəsi son paylaşımını 23 iyul tarixində edib.
İzləyici sayına görə ən aşağı göstəricilərdən biri Energetika Nazirliyindədir. Nazirliyin "Instagram" hesabını 2 min 603 nəfər izləyir. 

"Facebook" platformasında isə ən az izləyici sayına malik qurumlardan biri Müdafiə Sənayesi Nazirliyidir. Nazirliyin rəsmi səhifəsini 9 min 194 nəfər izləyir.

Paylaşım sayına görə ən az aktiv hesablar arasında Maliyyə Nazirliyi öndədir. Nazirliyin "Instagram" hesabında 1 154, "Facebook" hesabında isə 2 034 paylaşım yer alıb. Müdafiə Sənayesi Nazirliyinin isə yalnız "Facebook" hesabı aktivdir və burada 937 paylaşım edilib. Nazirliyin "Instagram" hesabı mövcud deyil.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR