Sosial şəbəkələrdə reklam olunan arıqlama məhsulları niyə təhlükəlidir?

Sosial şəbəkələrdə reklam olunan arıqlama məhsulları niyə təhlükəlidir?
SOSİAL
16:53 08.07.2026
303
Xəbər verdiyimiz kimi, arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsulları ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı ciddi qanun pozuntuları müəyyən edilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Monitorinqlər çərçivəsində,  "SLT Slim Lux Coffee Premium" (fındıqlı), "SLT Slim Lux Coffee Premium", "Good Lux Green Coffee", "Green Good Lux Slimming Coffee" (fındıqlı), "Green Good Lux Slimming Capsules", "Saffren Dietary Supplement", "Spirulina" "Vellara Form Coffee" və "Vellara Form Tea" məhsullarında qida məhsullarında istifadəsinə yol verilməyən insan sağlamlığı üçün təhlükəli sibutramin maddəsi aşkarlanıb. Sibutramin ürək-damar sistemi xəstəlikləri, infarkt və insult riskini artırır, eyni zamanda, ciddi psixi pozuntulara səbəb ola bilər. Sibutraminin qida məhsullarının, eləcə də dərman vasitələrinin tərkibində istifadəsi Azərbaycanda qadağandır. Araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən məhsullar ölkəyə şəxsi istifadə məqsədilə gətirilsə də, sonradan sosial şəbəkələr üzərindən qanunsuz satışa çıxarılıb.

Qida eksperti Fərid Səfərov AZXEBER.COM-a açıqlamasında deyib ki, arıqlama və ya kökəlmə məqsədilə satılan qida məhsullarına ehtiyatla yanaşmaq lazımdır:

"Arıqlama və ya kökəlmə məqsədilə satılan çay, qəhvə, kapsul və digər bioloji aktiv qida məhsullarına ehtiyatla yanaşmaq lazımdır. Bu məhsulların heç də hamısı təhlükəli olmasa da, xüsusilə sosial şəbəkələr üzərindən mənşəyi və tərkibi dəqiq məlum olmayan məhsullar sağlamlıq üçün ciddi risk yarada bilər. Arıqlama yalnız bir məhsulun təsiri ilə deyil, balanslı qidalanma, fiziki aktivlik və sağlam həyat tərzi ilə əldə edilməlidir”.

O deyib ki, qida əlavələrində sibutramin maddəsinin aşkarlanması narahatlıq doğuran haldır:

"AQTA-nın son monitorinqləri zamanı bəzi arıqlama məqsədilə satılan məhsullarda istifadəsinə icazə verilməyən sibutramin maddəsinin aşkarlanması narahatlıq doğuran haldır. Sibutramin vaxtilə piylənmənin müalicəsində istifadə olunsa da, ürək-damar sisteminə ciddi yan təsirləri – arterial təzyiqin yüksəlməsi, ürək döyüntüsünün sürətlənməsi, infarkt və insult riskinin artması səbəbindən bir çox ölkədə istifadədən çıxarılıb. İstehlakçı isə məhsulun tərkibində bu maddənin olduğunu bilmədən onu qəbul etdikdə sağlamlığını ciddi təhlükə altına qoya bilər”.

O qeyd edib ki, təbii mənşəli olması belə məhsulun tam təhlükəsiz olduğu anlamına gəlmir:

"Eyni zamanda, "tam təbii", "100 faiz bitki tərkibli", "bir ayda 10 kilo arıqladır" kimi iddialarla reklam olunan məhsullara da tənqidi yanaşmaq lazımdır. Təbii mənşəli olması belə məhsulun tam təhlükəsiz olduğu anlamına gəlmir. Bitki tərkibli əlavələrin də əks göstərişləri ola, qəbul edilən dərmanlarla qarşılıqlı təsir göstərə və əlavə sağlamlıq problemlərinə səbəb ola bilər”.

Qida eksperti bildirib ki, istehlakçılar mənşəyi məlum olmayan məhsulları həkim və ya mütəxəssis məsləhəti olmadan istifadə etməsinlər:

"İstehlakçılara tövsiyəm odur ki, sosial şəbəkələrdə və ya qeyri-rəsmi satış kanallarında reklam olunan, mənşəyi məlum olmayan məhsulları həkim və ya mütəxəssis məsləhəti olmadan istifadə etməsinlər. Məhsulun etiket məlumatlarını, tərkibini, istehsalçısını və ölkəyə rəsmi idxal olunub-olunmadığını yoxlamaq vacibdir. Əgər məqsəd arıqlamaq və ya kökəlməkdirsə, bunu qısa zamanda nəticə vəd edən məhsullarla deyil, fərdi qidalanma proqramı və sağlam həyat tərzi ilə həyata keçirmək həm daha təhlükəsiz, həm də uzunmüddətli nəticə verir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR