Soydaşlarımız ən çox hansı millətdən olan xanımlarla ailə qururlar?
Bütün Xəbərlər
00:34 21.01.2012
1528
Bəs azərbaycanlı kişilər ən çox hansı ölkələrdən olan xanımlarla ailə qururlar? Ümumiyyətlə, ekspertlər belə evliliklərə necə yanaşırlar?Əvvəla, ondan başlayaq ki, əcnəbilərlə ailə qurmuş kişi sənətçilərimiz də kifayət qədərdir. Bunlardan biri də gənc bəstəkar və rejissor İsa Məlikovdur. O, polşalı Paulina Volotkovskaya ilə ailə həyatı qurub. Cütlük artıq dörd ildir ki, xoşbəxt ailə həyatı yaşayır. İ.Məlikov bu evlilikdən məmnun qaldığını və əcnəbi xanımla ailə həyatı qurduğuna görə qətiyyən peşman olmadığını söyləyir. Onun sözlərinə görə, xanımı ilə bir-birilərini yaxşı anlayırlar: “Paulina şairədir. Mənim son illər yazdığım bütün mahnıların sözlərini məhz o yazıb. Bir-birimizi sevdiyimiz üçün yazdığımız mahnıların, demək olar, hamısı sevgi-məhəbbət mövzusundadır”.AZXEBER.COM "Zaman Azərbaycan"a istinadən bildirir ki, tanınmış balaban ustası, həmyerlimiz Əlixan Səmədov isə Türkiyə vətəndaşı ilə evlidir. Cütlüyün övladı olmasa da, Əlixan Səmədov ailəsinin xoşbəxt olduğunu söyləyir...Əcnəbilərlə ailə quran azərbaycanlılardan söz düşəndə, heç şübhəsiz ki, ağlımıza ilk olaraq Rusiyada yaşayan soydaşlarımız gəlir. Əgər digər respublikaların qızları ilə soydaşlarımız daha çox ölkəmiz müstəqil olandan sonra evlənməyə başlayıblarsa, rusiyalı, ukraynalı xanımlarla ailə quranlarımız Sovetlər dövründə də olub. Bu gün Azərbaycanın ən ucqar kəndlərində belə bu cür ailələrə rast gəlmək olar. Çox maraqlıdır ki, soydaşlarımızla evlənən əksər əcnəbi xanım məhz İslam dinini qəbul edib. Onlar həmçinin bizim milli adətlərimizə uyğunlaşıblar, belə deyək, ənənələrimizin yaşadılmasında bizim xanımlardan geri qalmayıblar. Bu gün belə ailələrdə dünyaya gələn övladlar özlərini azərbaycanlı hesab etməklə yanaşı, adət-ənənələrimizə də əməl edirlər...Postmodernist yazarların qəribə arqumentləri...Lakin bu mövzunu gündəmə gətirib məşhurlaşmaq istəyənlər də var. Məsələn, qəribə də olsa, bir qrup postmodernist yerli yazar iddia edir ki, həyat yoldaşı azərbaycanlı olan yaradıcı adamların uğur qazanmaq ehtimalı çox azdır. Onlar fikirlərini belə əsaslandırırlar ki, azərbaycanlı qadınlar daha çox məişət qayğıları ilə yaşadıqları üçün onların ərləri ümumbəşəri ideyalar barədə düşünə bilmirlər. Postmodernist yazarların konkret misalları da var: Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Məmməd Səid Ordubadi, Qara Qarayev kimi tanınmış şəxsiyyətlər məhz əcnəbi xanımlarla ailə qurublar. Gənc yazar Seymur Verdizadə isə belələrinə belə cavab verir:“Qələm dostum İlqar Əlfi deyir ki, valideynləri birotaqlı, darısqal evdə yaşayırlarmış. Rəhmətlik atası Əlfi Qasımov öz əsərlərini evdə yazdığı üçün həyat yoldaşı və 3 övladı günün çox hissəsini mətbəxdə keçirirmişlər. İlqar müəllimin uşaqlıq illərindən yaddaşında ən çox ilişib qalan anasının tez-tez təkrarladığı bu sözlər olub: “Ata işləyir”. Rəhilə xanım və 3 övladı darısqal bir mənzildə mərhum Əlfi Qasımovun yazıb-yaratması üçün hər cür şərait yaradıblar. Yazıçı evdə qabların nə vaxt yuyulduğunu, paltarın necə ütüləndiyini, yeməyin haçan bişirildiyini heç vaxt hiss etməyib. Əksər Azərbaycan ailələrində olduğu kimi, Qasımovların mənzilində də məişət qayğılarını evin qadını öz üzərinə götürüb. Fədakar Azərbaycan qadını”..."Əgər ailə xoşbəxtdirsə, niyə də olmasın?"Qadın Krizis Mərkəzinin rəhbəriMətanət Əzizovaisə deyir ki, azərbaycanlı kişilərin əcnəbi xanımlarla ailə qurmalarında qeyri-adi heç nə yoxdur: “Əgər ailə xoşbəxtdirsə, niyə də olmasın”.Lakin ekspert hesab edir ki, belə evliliklərdə bəzən tərəflərin dünyagörüşünün üst-üstə düşmədiyi vaxtlar da olur: “Bu da çox zaman ailədaxili münaqişələrə səbəb olur. Xüsusilə də, Türkiyə və İran vətəndaşları ilə bağlanan nikahlarda belə hallara daha çox rast gəlinir. Lakin, əksinə, xoşbəxt olanlar da çoxdur. Bu gün müxtəlif ölkələrdə xoşbəxt yaşayan yüzlərlə belə ailələrimiz var”.Azərbaycanlıların ən çox rusiyalı xanımlarla ailə qurmalarına gəlincə, həmsöhbətimiz: “Yüz minlərlə soydaşımız iş dalınca Rusiyaya yollanıb. Birinci səbəb budur. Digər tərəfdən, rusiyalı xanımlar da görürlər ki, azərbaycanlılar ailə məsələsində çox həssasdırlar. Bu isə rus xanımların çox xoşuna gəlir. Onlar da istəyirlər ki, daimi ailələri olsun. Bu səbəbdən bir çox rus xanımlar bütün şərtləri qəbul edir və soydaşlarımızla evlənirlər”. Lakin ekspertin sözlərinə görə, hər soydaşımız rusiyalı xanımla ailə qurmağa normal münasibət bəsləmir, evlənənlər isə qarşı tərəfə tam əmin olduqdan sonra qərar verirlər."Ənənəvi ailələrdə qadın-kişi münasibətlərində dəqiq vəzifə bölgüsü var"Sosial psixoloq Arzu Əhmədova isə soydaşlarımızın əcnəbi xanımlarla ailə qurmalarının əhalinin ənənəvi demoqrafik strukturunu pozduğu fikrindədir: “Qarışıq nikahlar bütün dünyada getdikcə daha geniş vüsət almaqdadır. Müxtəlif irqlərin, dinlərin, etnosların nümayəndələri arasında belə nikahlara getdikcə daha çox təsadüf edilir. Belə ailələrdə valideyn-övlad münasibətləri, tərəf-müqabilləri arasında münasibətlərin sosial-psixoloji xarakteri, qarşılıqlı uyğunlaşma və bu tipli ailənin sosiomədəni mühiti tədqiqat obyekti kimi böyük aktuallıq kəsb edir”.A.Əhmədovanın sözlərinə görə, ənənəvi ailə tipi Azərbaycan ücün xarakterikdir: “Ənənəvi ailələrdə qadın-kişi və ya ər-arvad münasibətlərində ənənəyə söykənən daimi öhdəliklər və ya dəqiq vəzifə bölgüsü var. Burada kişi bilavasitə ailə başçısı kimi çıxış edir, ailənin mövcudluğu, təminatı və rifahı naminə əsas məsuliyyəti öz üzərinə götürür. Bu səbəbdən qadın çox zaman iqtisadi cəhətdən həyat yoldaşından asılı olur, lakin bunun əvəzində özünü ailə sahibəsi, evin xanımı kimi doğrultmağa çalışır. Onu da qeyd edim ki, ənənəyə söykənən müasir ailələrdə kişi nüfuzu müstəsna əhəmiyyət kəsb edir. Amma müşahidələr göstərir ki, əcnəbilərlə qurulan ailələrdə “bərabər münasibətlər” prinsipi ortaya çıxır. Bunu isə bir çox həmyerlilərimiz həzm edə bilmirlər”."Bu evliliklərə birbaşa "olmaz" damğası vurmaq doğru deyil"“Ailəm” jurnalının redaktoruAydın Ucalisə soydaşlarımızın əcnəbi xanımlarla ailə qurmalarına belə münasibət bildirdi: “Bu cür evliliklər bir az da qloballaşma dediyimiz bir prosesin nəticəsidir. Ona görə də bu evliliklərə birbaşa “qırmızı xətt” qoymaq və ya “olmaz” damğası vurmaq doğru deyil. Ancaq adi evliliklərin özünəməxsus şərtləri olduğu kimi, belə evliliklərin də özünəməxsus şərtləri olmalıdır. Və təbii ki, bu şərtlər tərəflər arasındakı potensial problemlərin həllinə xidmət etməlidir.