Soydaşlarımızın müraciətləri fərdi şəkildə araşdırılacaq - VİDEO

Soydaşlarımızın müraciətləri fərdi şəkildə araşdırılacaq - VİDEO
Bütün Xəbərlər
08:59 11.12.2012
780
Miqrasiya haqda qaydaları pozaraq ölkədə qalan və cərimələnən Gürcüstan vətəndaşları Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Miqrasiya siyasəti və hüquq təminatı Baş İdarəsinin rəisi Vahid Qəhrəmanlının sözlərinə görə, gürcüstanlı soydaşlarımızın müraciətləri fərdi şəkildə araşdırılacaq və əgər onların burada qeydiyyata düşmədən qalmalarının obyektiv səbəbləri ortaya çıxarsa, həmin insanlara təyin olunmuş cərimələrin miqdarı azaldıla bilər.Bəs cərimələnmək istəməyən miqrantlar hansı tələbləri yerinə yetirməlidir? Nəzərdə tutulan qaydalara görə, Azərbaycana gələn əcnəbilər, eləcə də, Gürcüstan vətəndaşı olan soydaşlarımız burada 30 gündən artıq, yəni 90 günə qədər qalmaq niyyətindədirlərsə, onlar gəldikləri gündən etibarən 3 gün ərzində 4 sənədlə, yəni pasport, giriş icazəsi, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd və həmin şəxsə Azərbaycanda yaşayış verən vətəndaşın ərizəsi ilə birlikdə polisə müraciət etməlidir.“Azərbaycana gəldiyi 3 gün ərzində həmin şəxs sənədləri təqdim etdikdə, polis orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınır. Və həmin qeydiyyat sənədi əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə imkan verir ki, onlar Azərbaycan Respublikasında 90 gün ərzində yaşasınlar. 90 günün sonunda ölkə ərazisini ya tərk etməlidirlər, ya ölkə ərazisində müvəqqəti olma müddətini uzatmalıdırlar, ya da Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almalıdırlar”, - deyə V.Qəhrəmanlı vurğulayıb.Maraqlıdır ki, hazırda tətbiq olunan qaydalar yeni deyil. DMX rəsmisinin sözlərinə görə, bunlar 1994-cü və 1996-cı ildən etibarən qanunvericilikdə nəzərdə tutulub. Sadəcə qaydaların tətbiqinə indi daha ciddi nəzarət olunur. Qeyd edək ki, miqrasiya ilə bağlı qaydaların tətbiqinin sərtləşdirilməsi nəticəsində Gürcüstanda yaşayan azərbaycanlılar üçün bir sıra çətinliklər yaranıb. Son 20 gündə 100-dən çox Gürcüstan vətəndaşı ölkədə qanunla nəzərdə tutulmuş müddətdən artıq qaldığı üçün 400 manat məbləğində cərimələnib.
OXŞAR XƏBƏRLƏR