Spiker: "Heç bir xarici qüvvə bizim ərazimizdən qonşu dövlətə qarşı istifadə edə bilməz"
Bütün Xəbərlər
12:07 14.02.2012
827
“İranın Azərbaycana nota verməsini pisləyirəm”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib. O, Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Eurovision”a qatılacaq əcnəbi ifaçılara müraciət etməsi faktını da xatırladıb və bunu da pisləyib. Z. Oruc Azərbaycan diplomatlarının Suriyadan çıxarılmasını da təklif edib. Millət vəkili Fazil Mustafa isə ötən il aprelin 2-də həbs olunmuş müxalifətçilərin azadlığa buraxılmasının vacibliyini vurğulayıb. O deyib ki, İran İsrailin qorxusundan ətraf ölkələrə hücumlar edir, “Times” qəzetindəki bir yazıya görə Azərbaycana nota verir. Millət vəkili Qənirə Paşayeva da İranın Azərbaycana nota verməsini pisləyərək bu ölkənin işğalçı Ermənistana dəstək verməsini və “Səhər” telekanalının fəaliyyətini tənqid edib. Sədr Oqtay Əsədov da İran mövzusuna öz münasibətini açıqlayıb: “İranla bağlı deyilənləri biz də bilirik. Onları araşdırsaq, kökü gedəcək bəzi qurumların üstünə. İran Azərbaycanla qonşu dövlətdir, biz səviyyəmizi və qonşuluq münasibətlərini saxlamalıyıq”.