ÜST-dən qorxudan proqnoz: Xərçəng xəstələrinin sayı 35 milyona çata bilər

ÜST-dən qorxudan proqnoz: Xərçəng xəstələrinin sayı 35 milyona çata bilər
SAĞLAMLIQ
17:36 08.07.2026
313
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) hazırladığı "2026 Qlobal Xərçəng Vəziyyəti Hesabatı" açıqlanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, hesabatda xərçəng hallarındakı hazırkı artım tempi davam edər və təcili tədbirlər görülməzsə, 2050-ci ilə qədər dünyada illik xərçəng hallarının sayının təxminən 35 milyona çatacağının gözlənildiyi bildirilib.

Sənəddə qeyd olunur ki, milyonlarla insan xərçəngin fiziki, emosional və maliyyə yükü ilə üz-üzədir. Hər gün 26 mindən çox insan xərçəng səbəbindən həyatını itirir. Hər il təxminən 20,6 milyon yeni xərçəng hadisəsi qeydə alınır və 10 milyona yaxın insan bu xəstəlikdən ölür. Xərçəng ürək-damar xəstəliklərindən sonra dünyada ikinci əsas ölüm səbəbi olaraq qalır.

Hesabatda vurğulanır ki, bu tendensiyanın qarşısını almaq üçün xərçəngdən əziyyət çəkən insanların sağlamlıq ehtiyaclarını və həyat təcrübələrini nəzərə alan insan mərkəzli yanaşmaya keçid vacibdir.

Bildirilir ki, xərçəngin qarşısının alınması, erkən diaqnostikası, müalicəsi və dəstək xidmətlərinə çıxış sahəsində ciddi və getdikcə artan bərabərsizliklər mövcuddur. Bu səbəbdən milyonlarla insan ehtiyac duyduğu tibbi xidmətlərdən məhrum qalır.

Hesabatda qeyd edilir ki, yüksək gəlirli ölkələrdə süd vəzi xərçəngi diaqnozu qoyulan qadınların 87 faizi ən azı 5 il yaşayır. Aşağı gəlirli ölkələrdə isə bu göstərici cəmi 42 faiz təşkil edir. Hazırda dünya ölkələrinin üçdə birindən azında xərçəng müalicəsi universal tibbi sığorta paketinə daxildir.

Sənədə əsasən, 2024-cü ildə Asiya bütün xərçəng hallarının 50,7 faizini, xərçəngdən ölümlərin isə 56,5 faizini təşkil edərək ilk yerdə qərarlaşıb. Bu göstəricilər regionun böyük əhalisi ilə əlaqələndirilir.

Avropa isə dünya əhalisinin cəmi 9 faizinə sahib olmasına baxmayaraq, qlobal xərçəng hallarının 21 faizini və ölümlərin 20 faizini təşkil edərək qeyri-mütənasib dərəcədə yüksək yük daşıyır.

Bunun əksinə olaraq, Afrikanın bir çox ölkəsində və Asiyanın bəzi bölgələrində xərçəngə yoluxma halları daha az olsa da, ölüm göstəriciləri qeyri-mütənasib şəkildə yüksək olaraq qalır.

Hesabatda bildirilir ki, ağciyər xərçəngi dünyada xərçəngdən ölümün əsas səbəbi olaraq qalır. Kişilər arasında ən çox rast gəlinən xərçəng növləri ağciyər, prostat və kolorektal xərçəng, qadınlarda isə süd vəzi, ağciyər və kolorektal xərçəngdir.

Mütəxəssislər qeyd edirlər ki, dünyada xərçəng hallarının təxminən dörddə biri insan papilloma virusu (HPV), hepatit B və C virusları, *Helicobacter pylori* infeksiyası, alkoqol və tütün istifadəsi, yüksək bədən kütlə indeksi və fiziki passivlik kimi qarşısı alına bilən risk amilləri ilə əlaqədardır. Hesabatda bunun profilaktik tədbirlərin əhəmiyyətini bir daha göstərdiyi vurğulanır.
 
Gülay

OXŞAR XƏBƏRLƏR