Sumqayıt Şəhər İcra Hakimiyyətinin işçisi günün günorta çağı sahibsiz itləri silahla öldürürmüş.
Bu barədə AZXEBER.COM-a göndərdiyi məktubda Sumqayıt şəhərində yaşayan Süleymanov Anar adlı oxucumuz məlumat verib.
Məktubda yazılıb ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında silahlanmış şəxs günün günorta çağında itləri güllələyib:
“Dəhşətlisi odur ki bu qəddarlıq uşaqların gözü qabağında baş verirdi. İstəməzdik ki, bizim uşaqlarımız heyvanlara qarşı olan bu amansız və qəddarlıq atmosferində böyüsünlər. Müvaffiq orqanlara bu problemlə müraciət etdikdə, buna çox laqeyid yanaşırlar. Deyirlər ki, bizim başqa çıxış yolumuz yoxdur və hər şey İcra Hakimiyyətinin səviyyəsində həll olunur. Sumqayıtda itlərin son güllələnməsi zamanı bəzi sakinlər buna mane olmağa çalışırdılar, amma həmin adam tüfəngini onlara qarşı tuşlayaraq, onlara hədə-qorxu gələrək təhqiramiz sözlər işlədib. Hətda bu faktı belə bəzi instansiyaların araşdırmasına maneçilik göstərirdilər. Baxmayaraq ki, mən Daxili İşlər Nazirliyinə (DİN) müraciət etmişdim, indiyə kimi mənim şikayətimlə əlaqədar araşdırmanın nəticəsi barədə heç bir rəsmi cavab verilməyib”.
Sözegdən məktubda yazılan məlumatı dəqiqləşdirmək üçün AZXEBER.COM portalı olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin “İnformasiya təminatı və təhlil sektoru” ilə əlaqə saxladıq. Şöbənin müdiri Ayaz İmaməliyev portalımıza açıqlamasında belə bir hadisənin baş vermədiyini deyib:
“Belə bir hadisə baş verməyib. Amma bir neçə ay bundan öncə vətəndaşların müraciəti əsasında quduzlaşmış itlərdən biri öldürülmüşdü. Bu da şəhər sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə edilmişdi. Hazırda bildiyiniz kimi ölkəmizdə sahibsiz itlərə xüsusi sığınacaqların yaradılması ilə bağlı bir praktika yoxdur. Ona görə biz bu məsələ ilə bağlı heç bir iş görə bilmərik. İcra hakimiyyətinin adından istifadə edərək vətəndaşlara silah çəkən məmurla da bağlı ümumiyyətlə məlumatımız yoxdur. Onu deyə bilərəm ki, bizim əməkdaşlardan heç kəs bu cür addım atmaz. Bu cür hərəkətlərin özü qanunlarla ziddiyət təşkil edir”.
AZXEBER.COM