Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət edib.
Dövlət başçısı müraciətində dünyada mövcud təhlükəsizlik vəziyyətinə, geosiyasi rəqabətin kəskinləşməsinə və müxtəlif regionlarda davam edən münaqişələrin yaratdığı risklərə diqqət çəkib. O bildirib ki, etimad böhranı qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir və mövcud çağırışların qarşısının alınması üçün dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac var.
İlham Əliyev, həmçinin müasir texnologiyaların sürətli inkişafının təhlükəsizlik sahəsində yeni imkanlarla yanaşı, müəyyən risklər də yaratdığını vurğulayıb. Xüsusilə süni intellekt kimi texnologiyaların bədniyyətli məqsədlərlə istifadəsinin terrorçuluğun imkanlarını genişləndirə biləcəyini qeyd edib.
Prezident təhlükəsizliyin təmin olunması istiqamətində dövlətlər və aidiyyəti qurumlar arasında etimadın artırılmasının, məlumat mübadiləsinin genişləndirilməsinin və təhlükəsizlik orqanları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Komitəsinin sədri Arzu Nağıyev AZXEBER.COM-a açıqlamasında deyib ki, bu, forum çox mühüm əhəmiyyət kəsb edir:
"IV Bakı Təhlükəsizlik Forumu çox mühüm əhəmiyyət kəsb edir. Xüsusi xidmət orqanlarının rəhbərliyinin iştirakı ilə müasir çağırışlar və digər istiqamətlərdə hər bir təhlükənin qarşısının alınması üçün koordinasiyalı şəkildə işlərin aparılması məqsədilə yeni yollar axtarılır, təkliflər verilir. Cənab Prezident də müraciətində forum iştirakçılarına öz fikrini bildirib və onun vurğuladığı məqamlardan biri məhz kibertəhlükəsizliklə bağlıdır.
Məlumdur ki, Birləşmiş Millətlər Təşkilatında da bu gün süni intellektdən istifadə etməklə kiberməkanda kritik infrastrukturlara qarşı hücumların təsirinin sürətlə arta biləcəyi və beynəlxalq səviyyədə təhlükəsizlik mexanizmlərinin gücləndirilməsinə ehtiyac olduğu qeyd edilir. Əsas məqam ondan ibarətdir ki, kibertəhlükəsizlik yalnız texniki məsələ kimi deyil, dövlətlərarası etimad, sürətli məlumat mübadiləsi və süni intellekt sistemlərinin ayrıca qorunması məsələsi kimi görülməlidir”.
Parlamentari qeyd edib ki, kritik infrastrukturla bağlı insidentlər barədə standartlaşdırılmış məlumat mübadiləsi mexanizmlərinin qurulması vacibdir:
"Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub. Artıq beynəlxalq təcrübə əsasında yeni mexanizmlər də önə çıxır.
Burada müxtəlif texnikalardan, texnologiyalardan istifadə etmək, təhlükəsizlik qurumları arasında fikir mübadiləsi, kritik infrastruktur insidentləri barədə standartlaşdırılmış məlumat mübadiləsi mexanizmləri qurulmalıdır. Bu, bir ölkədə aşkarlanan hücumun digərlərinə gecikmədən ötürülməsinə imkan verə bilər. Məhz belə insidentlərə qarşı cavab mexanizmlərin işləməsi də çox mühüm məsələdir. Süni intellekt sistemləri üçün ayrıca təhlükəsizlik standartları, adi proqram təminatının təhlükələrindən əlavə, yeni modelin məlumatlarının manipulyativ girişlərə məruz qalması, məlumat sızması, modelin aldadılması və s. böyük bir zəncirdir.
Yəni, bunu hərtərəfli şəkildə işləmək üçün koordinasiyalı iş lazımdır. Beynəlxalq qaydalar və etimad tədbirləri mütləq şəkildə lazımdır. Dövlətlərin kritik infrastruktura qarşı kiberhücumlarla bağlı insident bildirişi, Birləşmiş Millətlər Təşkilatının "Global Digital Compact” çərçivəsində rəqəmsal məkanın təhlükəsizliyi də çox mühüm məsələdir. Yəni, bütün proseslər keçirilən qlobal forumda müzakirə olunur, öz əksini tapır”.
Deputat vurğulayıb ki, kibertəhlükəsizlik çox mühüm məsələdir:
"Kibertəhlükəsizlik çox mühüm məsələdir. Son vaxtlar hətta nüvə silahlarının süni intellektdən istifadə edilərək idarə olunması kimi çox ciddi məsələ gündəliyə gəlib. Bunların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi də çox mühüm məsələdir. Cənab Prezidentin də vurğuladığı etimad və məlumat mübadiləsi çox mühümdür, təhlükəsizlik mexanizmlərini tamamlamalıdır.
Dövlətlər biri-birinə yalnız siyasi səviyyədə deyil, həm də real vaxtda texniki təhlükə məlumatlarını ötürə biləcək sistemlər qurmalıdır. Birləşmiş Millətlər Təşkilatında da bu vaxta qədər dəfələrlə həyacan təbili çalıb. Azərbaycanın ev sahibliyi etdiyi bu forumun çox mühüm əhəmiyyət kəsb edir və gələcəkdə də öz effektini verəcək”.
Şahanə Ziyad











































