Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciətində dezinformasiyanın geniş yayılmasının, həmçinin süni intellekt texnologiyalarından sui-istifadə edilərək saxta informasiya və materialların hazırlanmasının ictimai etimada birbaşa təsir göstərdiyini bildirib.
Dövlət başçısının fikirləri süni intellektin mediada tətbiqinin yaratdığı imkan və riskləri, eləcə də bu texnologiyaların jurnalistikanın etibarlılığına mümkün təsirini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan media eksperti Azər Həsrət bildirib ki, süni intellekt mediada sürət və operativlik baxımından geniş imkanlar yaratsa da, ondan sui-istifadə edilməsi dezinformasiyanın yayılması riskini artırır:
"Yeni texnologiyalar yeni imkanlar, əlverişli şərait, sürət, operativlik və çeviklik deməkdir. Bu baxımdan cənab Prezident məsələyə diqqət çəkmək istəyir ki, xüsusilə süni intellekt dövründə artıq saxtakarlıq və dezinformasiya imkanları çox genişlənib. Bu baxımdan hər kəs sayıq olmalıdır. Yəni istər dövlət, istər vətəndaş, istər cəmiyyət bütövlükdə, istərsə də ayrı-ayrı fərdlər mütləq sayıqlıq nümayiş etdirməlidir ki, dezinformasiyanın qurbanı olmasın”.
Ekspertin sözlərinə görə, süni intellektin mediada daha geniş tətbiqi jurnalistikanın etibarlılığı ilə bağlı müəyyən risklər yarada bilər:
"Ümumiyyətlə, süni intellektin mediada daha geniş tətbiqi, əlbəttə ki, jurnalistikanın etibarlılığına zərbə vurur və vuracaq da. Çünki istər-istəməz jurnalistlərin hamısı vicdanlı, dürüst insanlar deyil. Biz artıq hiss etməyə başlamışıq ki, bəzi media təmsilçiləri süni intellektin imkanlarından sui-istifadə edirlər. Yəni biz süni intellektdən istifadəyə qarşı deyilik, sui-istifadəyə qarşıyıq”.
A. Həsrət qeyd edib ki, jurnalistlər süni intellektdən istifadə etdikdə bunu oxucuya açıq şəkildə bildirməlidirlər:
"Bu nə deməkdir? Bu o deməkdir ki, bəzi jurnalistlər öz yazılarını, materiallarını hazırlayarkən süni intellektin imkanlarından istifadə edir və təqdim etdikləri həmin materialların süni intellekt məhsulu olduğunu açıq şəkildə göstərmirlər. Halbuki bunu aydın şəkildə qeyd etmək lazımdır. Ümumiyyətlə, bu gün yeni texnologiyalar dövründə, xüsusən də süni intellektlə hazırlanan materialların üzərində xüsusi işarə olmalıdır ki, bunun süni intellekt məhsulu olduğu bilinsin. Yaxud yazı hazırlayırsınızsa və onun hansısa cümləsi və ya hissəsi süni intellekt vasitəsilə əldə edilibsə, mütləq həmin hissədə bunun süni intellekt məhsulu olduğu qeyd edilməlidir”.
Media eksperti bildirib ki, süni intellektdən istifadə edilməsi, xüsusilə də bunun auditoriyadan gizlədilməsi cəmiyyəti yanıltmaq riskini artırır:
"Təəssüflər olsun ki, bunu etməyən xeyli sayda jurnalist var. Yəni süni intellektdən sui-istifadə edirlər. Təbii ki, süni intellektdən bu şəkildə istifadə etmək həm oxuculara, tamaşaçılara və dinləyicilərə hörmətsizlikdir, həm də cəmiyyəti yanıltmaq riskini artırır”.
A. Həsrət əlavə edib ki, süni intellekt tərəfindən təqdim edilən məlumatlarda səhvlərə yol verilə bilər və buna görə jurnalistlər məlumatları yoxlamalıdır:
"Çünki mənim şəxsən qarşıma bir material çıxanda və orada bunun süni intellektlə hazırlandığı qeyd olunanda, həmin materiala dərhal şübhə ilə yanaşıram. Çünki süni intellektin yanılma ehtimalı kifayət qədər yüksəkdir. Özüm də istifadə edirəm və bunu görürəm. Tam dəqiq bildiyim məsələlər haqqında suallar verirəm və görürəm ki, bəzən tamamilə yanlış cavab alıram. Daha sonra həmin yanlışı düzəltmək üçün növbəti sualı verirəm, süni intellekt isə üzr istəyir, yenidən araşdırır və başqa məlumatlar təqdim edir. Bu da xeyli vaxt aparır. Ona görə də süni intellekt dezinformasiyanın yayılması, jurnalistikadan sui-istifadə edilməsi və jurnalistikanın nüfuzunun aşağı düşməsi üçün də müəyyən şərait yaradır. Təbii ki, Prezident də məhz bu baxımdan məsələyə diqqət çəkmək istəyir”.
Fəridə Əsədzadə











































