Sürətli, sərfəli, yoxsa təhlükəli? - Bakıda elektrik skuterləri ilə bağlı yeni reallıq

Sürətli, sərfəli, yoxsa təhlükəli? - Bakıda elektrik skuterləri ilə bağlı yeni reallıq
SOSİAL
15:27 14.07.2026
390

Son illər Bakının küçələrində elektrik skuterləri və motosikletlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

AZXEBER.COM xəbər verir ki, vaxta qənaət, nisbətən aşağı xərc və tıxaclardan yayınmaq imkanı bu nəqliyyat vasitələrini, xüsusilə gənclər arasında, getdikcə daha populyar edir.

Lakin mikromobilliyin sürətlə genişlənməsi yeni problemləri də üzə çıxarıb. Səkilərdə yüksək sürətlə hərəkət edən skuterlər, qoruyucu vasitələrdən istifadə etməyən sürücülər, yol hərəkəti qaydalarının pozulması və artan qəza riski artıq gündəlik həyatın müşahidə olunan mənzərəsinə çevrilib.

Qeyd edək ki, Azərbaycanda "Yol hərəkəti haqqında" qanunvericiliyə "kiçik elektrik nəqliyyat vasitəsi" anlayışı əlavə olunub və bu nəqliyyat vasitələrinin hərəkət qaydaları müəyyən edilib.

Motosikletlər isə tamhüquqlu nəqliyyat vasitəsi hesab olunur. Onların idarə edilməsi üçün müvafiq sürücülük vəsiqəsi, dövlət qeydiyyatı və qeydiyyat nişanı tələb edilir. Bundan əlavə, həm sürücünün, həm də sərnişinin qoruyucu dəbilqədən istifadə etməsi məcburidir.

Elektrik skuterlərinin yaratdığı təhlükələr yalnız Azərbaycana xas deyil. Son illər Avropa və Asiyanın bir sıra ölkələri artan qəzalar və piyadaların təhlükəsizliyi ilə bağlı qanunvericiliyi xeyli sərtləşdirib.

Paris

Bir vaxtlar Paris küçələrində on minlərlə icarə elektrik skuteri fəaliyyət göstərirdi. Lakin səkilərdə nizamsız park edilən skuterlər, artan qəzalar və piyadaların şikayətləri səbəbindən şəhər rəhbərliyi 2023-cü ildə referendum keçirdi. Səsvermədə iştirak edənlərin böyük əksəriyyəti paylaşım (kirayə) elektrik skuterlərinin qadağan edilməsinə səs verdi. Bundan sonra şəhərdə icarə skuterlərinin fəaliyyəti tamamilə dayandırıldı. Şəxsi elektrik skuterlərindən istifadəyə isə ciddi qaydalar çərçivəsində icazə verilir.

Finlandiya

Finlandiyada elektrik skuterləri ilə bağlı yüzlərlə ağır xəsarət hadisəsi qeydə alındıqdan sonra qanunvericilik dəyişdirilib. Yeni qaydalara əsasən, 15 yaşdan kiçik şəxslərin elektrik skuteri idarə etməsi qadağandır. Kirayə skuter şirkətləri fəaliyyət göstərmək üçün bələdiyyədən xüsusi lisenziya almalıdır. Bundan əlavə, skuter istifadəçilərinə avtomobil sürücüləri üçün nəzərdə tutulan alkoqol məhdudiyyətləri də tətbiq olunur.

Sinqapur

Sinqapur mikromobillik sahəsində dünyanın ən sərt qaydalarını tətbiq edən ölkələrdən biridir. Burada elektrik skuterindən istifadə etmək istəyən şəxslər əvvəlcə təhlükəsizlik qaydaları üzrə məcburi nəzəri imtahan verməlidirlər. Texniki standartlara cavab verməyən skuterlərin istifadəsi qanun pozuntusu hesab olunur. Dövlət həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını və texniki standartlara uyğunluğunu da məcburi edib.

Yaponiya

Yaponiyada elektrik skuterləri üçün ayrıca hüquqi kateqoriya yaradılıb. İctimai yollarda istifadə olunan skuterlər maksimal sürət, ölçü və digər texniki göstəricilər baxımından ciddi standartlara cavab verməlidir. Müəyyən olunmuş tələblərə uyğun olmayan nəqliyyat vasitələrinin ictimai yollarda istifadəsinə icazə verilmir.

Fəridə Əsədzadə

 

OXŞAR XƏBƏRLƏR