Suriyada baş verənlər Türkiyə - Rusiya münasibətlərinə necə təsir edəcək?

TOP4
10:28 16.03.2021
358
Son məlumatlara görə Suriyada vəziyyət yenidən gərginləşib. Gərginlik özünü daha çox Türkiyənin nəzarətində olan ərazilərdə göstərir. Belə ki, Suriyanın Cerablus və Əl-Bab bölgələrinə ballistik raket hücumu təşkil edilib.
 
Türkiyə mediasında yayılan məlumatlara görə, hücum Hələbdə Əsəd rejiminin nəzarətindəki Küveyt hava limanından olub.
 
Suriyanın Türkiyə və Rusiyanın nəzarətində olan ərazilərində vəziyyətin bu cür gərginləşməsi nələrdən xəbər verir.
 
Hazırki vəziyyət Türkiyə - Rusiya münasibətlərinə necə təsir edə bilər?
 
AZXEBER.COM bu suallara cavab tapmaq üçün politoloq-siyasi şərhçi İlyas Hüseynovdan açıqlama alıb.
 
Politoloqun fikirlərinə görə münaqişə istənilən anda alovlana bilər: "Rusiya hərbi qüvvələrinə məxsus 4 qırıcı təyyarənin Suriyada Türkiyənin nəzarətində olan Əl-Bab və Cerablus bölgələrini bombalaması 2021-ci ildə Suriyada olan atəşkəsin pozulması və eyni zamanda qarşılıqlı atəşin açılması ilə yadda qaldı. Burada Türkiyə ordusu Əsəd rejimini və rus ordusunun nəzarətində olan Tadif bölgəsini vurmağa başladı. Bütün bunlar bölgədəki vəziyyətin yenidən gərginləşməsinə səbəb oldu. Suriyadakı hazırki vəziyyət dondurulmuş bir fazaya keçib və münaqişə istənilən anda alovlana bilər. Bu proseslərin qarşısını almaq üçün diplomatik-siyasi müstəvidə danışıqların və təmasların yenidən canlanması lazımdır. Bundan başqa Astana prosesi çərçiəsində keçirilən görüşlərin intensivliyi də təmin olunmalıdır.
 
Eyni zamanda Rusiya ilə Türkiyə arasında diplomatik-siyasi ortaq cəhətlərin tapılmasına böyük ehtiyac var. Çünki bu ölkələr sülhü və təhlükəsizliyi Qafqazda da qoruyurlar’’.
 
15 mart 2021-ci il Suriyada başlanmış vətəndaş müharibəsindən 10 il keçdiyini də xatırladan İlyas Hüseynov bir çox proseslərin buradan qaynaqlandığını diqqətə çatdırdı: "Vaxtilə Yaxın Şərqin qüdrətli bir dövləti olmuş Suriya 10 il ərzində tamamilə xarabaya dönüb. Burada hökümət qüvvələri ilə onu devirmək istəyən qüvvələr arasında qarşıdurma gedir və bu səbəbdən ölkə müxtəlif seqmentlərə parçalanmışdır. Bütün bu proseslər öz təsirini təkcə Suriyaya deyil, dünyadakı müxtəlif hadisələrə də göstərmişdir. Həm terrorizmlə, həm Avropada qlobal miqrasiya axını və s. amillərin kökündə Suriyada baş verən münaqişə dayanır".
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR